Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub

İyunun 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti ənənəvi işgüzar səhər yeməyi baş tutub.
Təhlil.az Qarabağ Dirçəliş Fondunun (QDF) məlumatına əsasən xəbər verir ki, ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin üzv qurumları arasında qarşılıqlı əlaqə və strateji əməkdaşlığın inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi təşəbbüslərdə dövlət qurumlarının, özəl sektorun iştirakının sahibkarlıq mühitinin inkişafına, davamlı və dayanıqlı olmasına mühüm töhfə verdiyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu, Milli məclisin deputatı Vüqar Bayramov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə çıxışlarında ATİB-in “bir millət, iki dövlət” şüarı altında üzv şirkətlərə bərabər imkanlar təqdim etməsi və regional iqtisadi fəallığın artırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu təşəbbüslər Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də geniş türk dünyasında ticarət və investisiya sahələrinin inkişafına əhəmiyyətli dəstək verir.
Fondun şöbə müdiri Pərvin Bağırova Fondun maliyyə dəstəyi göstərdiyi və həyata keçirdiyi layihələrlə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq proseslərində dövlət-özəl tərəfdaşlığının rolu, birgə əməkdaşlıq imkanlarının vacibliyi diqqətə çatdırılıb.
Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları barədə də ətraflı məlumat verib. Xüsusilə iyunun 26-da “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyi diqqətə çatdırılıb və hər kəsə bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edilib.
Sonra korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sıralarına yeni qoşulmuş üzvlərə üzvlük plaketləri təqdim edilib.