Dünən

Ermənistanın revanşist qüvvələri Azərbaycana qarşı növbəti aqressiyadan əvvəl “istirahət edirlər”

Yaxın bir il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq və bu, erməni tərəfinin günahı ucbatından baş verəcək.

Bunu təhlil.az-a açıqlamasında müstəqil ekspert, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı ekoloji layihələrinin keçmiş rəhbəri, Azərbaycan Prezidentinin rabitə idarəsinin keçmiş sədri Çingiz Məmmədov deyib.

“Sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın iki şərti var. Bu, Azərbaycanın müəyyən hissəsinin ilhaqının Ermənistan Konstitusiyasından çıxarılması tələbidir. Ermənistanın rəsmi sənədlərində müəyyən hissənin ilhaqı qeyd olunur ki, bu da Paşinyanın Qarabağın Azərbaycan olması ilə bağlı bəyanatına ziddir.

Ermənistanda 2026-cı il iyunun 7-nə təyin edilmiş növbəti parlament seçkilərinə bir ildən az vaxt qalıb və Yerevanın konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirmək fikrində olmadığı açıq-aydın görünür. Bu, cari il ərzində Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmayacağı anlamına gəlir”, -deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, qeyd olunanlarla bağlı çox maraqlı bir məqam var.

“Paşinyan Azərbaycan ərazilərinin ilhaqı ilə bağlı konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirməyə risk etməyib. Amma eyni zamanda o, erməni əhalisi arasında böyük dəstəyə malik olan erməni kilsəsi ilə açıq şəkildə qarşıdurmadan da çəkinmir. Amma erməni kilsəsi başqa, Ermənistan əhalisinin aralarında bərabərlik işarəsi qoymadığı erməni kilsəsinin konkret rəhbərləri isə tam başqa məsələdir”-, Məmmədov bildirib.

Ekspert vurğulayıb: “Paşinyan bu gün bəyan edir ki, erməni kilsəsinin rəhbərinin seçilməsində kənar qüvvələr və dövlətlər deyil, Ermənistan dövləti birbaşa iştirak etməlidir”.

Məmmədovun fikrincə, katolikos II Qareginlə Nikol Paşinyan arasında qızğın mübarizə yaxın aylarda da davam edəcək.

“İndi məlum olub ki, Ermənistanın bütün keçmiş liderləri – Köçəryan, Sarkisyan və Ter-Petrosyan katolikosla görüşüb, ona dəstək olduqlarını bildiriblər. Bu gün Ermənistan cəmiyyətinin az-çox ağlı başında olan hissəsi Paşinyanın yanındadır və onlar korrupsiya bataqlığına qərq olmuş Köçəryan və Sarkisyandan sonra indiki baş nazirin ölkədə sosial vəziyyətdə müəyyən irəliləyişlərə nail olmasını yüksək qiymətləndirirlər”-, deyə ekspert bildirib.

Onun sözlərinə görə, yaxın aylarda Rusiya da daxil olmaqla, çox ciddi qüvvələr Paşinyana qarşı hərəkətə keçəcək.

“Rusiya xüsusi xidmət orqanları və Rusiya Paşinyana təsir etmək üçün bütün təzyiq alətlərindən istifadə edəcəklər”, - Çingiz Məmmədov vurğulayıb.

O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin necə əldə oluna biləcəyi ilə bağlı fikrini bölüşüb.

“Mən burada iki yol görürəm. Birincisi, ən çox ehtimal olunan yoldur, eyni zamanda daha faciəvidir. Paşinyan Ermənistan cəmiyyətini inandıra bilmir ki, Azərbaycanla real sülhə doğru getmək lazımdır. İndi Ermənistanın revanşist siyasi qüvvələri özlərini sülh göyərçinləri kimi göstərsələr də, reallıqda nəfəs almaq, güclənmək, güc toplamaq, sonra isə ya birbaşa təcavüzlə, ya da məcburiyyət yolu ilə Azərbaycanı indiki uğurlarının bir qismindən əl çəkməyə vadar etmək istəyirlər. Sonra isə istər Paşinyanın iştirakı ilə, istərsə də onsuz Bakıya qarşı təkrar təcavüzə getmək. Amma istənilən halda Azərbaycana qarşı yeni təcavüz Ermənistanın özü üçün son nəticədə fəlakətli olacaq”, - deyə ekspert qeyd edib

Onun sözlərinə görə, ikinci variant iki ölkə arasında həqiqi sülhə nail olmaqdır.

“Ermənistan Konstitusiyasından Azərbaycan ərazilərinin ilhaqına dair müddəa ləğv edilərsə, bu varianta nail olmaq olar. Belə olan halda, İrəvan öz subyektivliyini artırar, Bakı ilə Ermənistan münasibətlərini gərginləşdirməkdə maraqlı olan qüvvələr ərazini tərk edər. Nəticədə Ermənistan xarici qüvvələrin forpostu olmaqdan çıxar, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək iqtisadi üstünlüklər əldə edər”, - deyə Məmmədov əlavə edib.

Rasim Babayev

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?