Paşinyan Ankara səfəri ilə nə qazanmaq və kimləri razı salmaq istəyir? - TƏHLİL

İyunun 20-si Ankaranın siyasi gündəmində sadə bir tarix kimi görünsə də, Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin gün bu şəhərə planlaşdırdığı səfər Cənubi Qafqazın gələcəyi baxımından mühüm və riskli nəticələrə yol aça biləcək qədər simvolik əhəmiyyət daşıyır.
Çünki bu, təkcə Ermənistan-Türkiyə münasibətlərinin yenidən qurulması ilə bağlı səssiz bir cəhd deyil. Bu, eyni zamanda Paşinyanın öz xalqına, regiona və Qərbə verdiyi mesajdır. Ermənistan keçmişin daşıdığı kinlə yox, gələcəyin ehtiyac duyduğu realizmlə hərəkət etməlidir.
Qapalı sərhədlər, pozulmuş etimad, siyasi travmalar və 1993-dən bəri davam edən diplomatik donuqluq indi yenidən danışıqlar masasının mövzusu olacaq. Amma bu dəfə fərq var. Region dəyişib, oyunçuların prioritetləri dəyişib, Paşinyan isə əvvəlki liderlərdən fərqli olaraq reallıqları qəbul etdiyini göstərmək istəyir.
Ankarada aparılacaq danışıqların iki əsas oxu var. Birinci – Azərbaycan-Ermənistan münasibətləri. Paşinyan burada Türkiyə vasitəsilə Azərbaycanın gözündə etimad qazanmağa, eyni zamanda Qərbə "sülh yolundayam" mesajını verməyə çalışacaq. Delimitasiya, sülh sazişi, Zəngəzur dəhlizi kimi başlıqlar Ankarada Paşinyanın çantasındadır.
İkinci ox isə birbaşa Türkiyə ilə normallaşmadır. Diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması, logistika və ticarət xəttinin canlandırılması – bunlar Ermənistanın iqtisadi tənəzzüldən çıxış yolunu axtardığının əlamətidir. Paşinyan bu məsələdə ciddi iradə nümayiş etdirmək istəyir. Amma bu addımlar təkcə cəsarət yox, həm də təhlükəsizlik zəmanətləri tələb edir.
Ankara Paşinyanın bu jestini təkcə "qonşuluq siyasəti" kontekstində görmür. Türkiyə Azərbaycanla sinxron hərəkət etməklə regionda yeni bir sülh və əməkdaşlıq platforması yaratmaq niyyətindədir. Bu, həm regional nüfuzun möhkəmləndirilməsi, həm də Cənubi Qafqazda qərarverici güc kimi çıxış etmək cəhdi ilə bağlıdır.
Ən əsası isə Türkiyə Ermənistanla əlaqələrin bərpası fonunda Avropaya açılan bir Cənubi Qafqaz koridoru formalaşdırmaqda maraqlıdır. Yəni Ankara bu razılaşmalarda yalnız Bakı və İrəvanla deyil, Brüssel və Vaşinqtonla da dialoq qurur.
Moskva bu səfəri qısqanclıqla izləyəcək. Çünki Ermənistanın son illərdə KTMT-yə arxa çevirərək Qərblə yaxınlaşması, indi də Türkiyə ilə masa arxasına keçməsi Kreml üçün Ermənistanın itirilməsi siqnalıdır. İran isə Zəngəzur məsələsində yenidən diplomatik hərəkətliliyin artmasından narahatdır. Tehran yaxşı anlayır ki, Zəngəzur dəhlizi nə qədər reallaşmağa yaxınlaşırsa, onun bölgədəki təsir imkanları o qədər azalır.
Nikol Paşinyan bu səfərlə həm regiondakı “böyük oyun”da yeni səhifə açmaq, həm də öz siyasi xəttinə beynəlxalq dəstək qazanmaq istəyir. Bəli, bu, Ermənistanda narazılıqlar və təzyiqlərlə qarşılanacaq. Amma Paşinyan siyasi gələcəyini sülh və əməkdaşlıq xəttinə bağladığını gizlətmir.
Onun Ankaraya apardığı “siyasi çamadan”da sərhəd açılışı, diplomatik münasibətlər, iqtisadi inteqrasiya və Türkiyənin vasitəçi statusunu tanımaq təklifi var. Qarşılığında isə təhlükəsizlik zəmanətləri, investisiya perspektivləri və diplomatik tanınma qazanmağa ümid edir.
MTM Analitik Qrupu