Dünən

İran və İsrail arasında artan gərginlik: Regionu nə gözləyir? - TƏHLİL

Dünya gündəmində xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də İran və İsrail arasında illərdir davam edən savaşın yeni mərhələyə qədəm qoymasıdır. İsrailin iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə “qabaqlayıcı” zərbələr endirdiyini açıqlaması, hücumların davam edəcəyini bildirməsi budəfəki savaşın xarakterini əhəmiyyətli dərəcədə dəyişib. İran ordusunun idarə heyətində yer alan şəxslərin, o cümlədən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin, nüvə alimlərinin qətli Tehran üçün şok effekti yaradıb. Nüvə təcrübələrinin aparıldığı obyektlərin zərbə hədəfi olması və bütün bu hücumlarının qarşısının alına bilməməsi İranın çoxsaylı hərbi zəifliklərini də üzə çıxarıb.

Məhz belə bir şəraitdə İsrail hücumların davam edəcəyini, əsas məqsədin Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq olduğunu bəyan edib. Baş nazir Benyamin Netanyahu bildirib ki, İranın İsrailin varlığına yaratdığı təhdidi aradan qaldırmaq üçün ölkəsi hədəfli hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, hücum hədə aradan qaldırılanadək davam edəcək. “Yüksələn şir” adı verilən əməliyyatın ilkin mərhələsində İsrail artıq mühüm uğurlara imza atdığını bildirir. Benyamin Netanyahu bununla bağlı qeyd edir: “İranın nüvə zənginləşdirmə proqramının ürəyindən vurmuşuq. Natanzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq... İranın ballistik raket proqramının da mərkəzini vurduq. Biz İranın yaratdığı təhdidləri gələcək nəsil üçün miras qoya bilmərik. Çünki indi hərəkət etməsək, başqa nəsil olmayacaq”. Baş nazir İran bombası üzərində işləyən nüvə alimlərinin də vurulduğunu xüsusi qeyd edib. Ən azı 6 nüvə aliminin qətlə yetrilməsi İran üçün ağrılı zərbə hesab olunur.

Rəsmi Təl-Əvivin yanaşmasına əsasən, zərbə vurmaq üçün doğru və zəruri an seçilib. Bu da onunla əsaslandırılır ki, İran keçən ilin oktyabrında İsrailin daha az dramatik hücumunda məhv edilmiş hava hücumundan müdafiəsini bərpa etməzdən əvvəl hücumun reallaşdırlması düzgün addım olub. Hücumdan əvvəl isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyəti 2005-ci ildən bəri ilk dəfə olaraq İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərinə əməl etmədiyini rəsmən bildirən qətnamə qəbul edib. İsrail Müdafiə Nazirliyi hücumdan sonra bildirib ki, İran onilliklər ərzində nüvə fiziklərinin köməyi ilə nüvə silahı üzərində işləyir və son illərdə ciddi irəliləyiş əldə edib. Vurğulanır ki, proqram xüsusilə son aylarda sürətlənib. Qeyd olunur ki, İran artıq qısa müddət ərzində nüvə silahı əldə etmək imkanı qazanıb. Bu səbəbdən hücum qaçılmaz olub. İranın dövlət televiziyası bildirir ki, hücum əsasında əsas nüvə obyektinin yerləşdiyi İranın mərkəzi İsfahan əyalətinin Natanz şəhərində partlayış səsləri eşidilib. Qeyd edilməlidir ki, İranın Fordo və Natanzda iki yeraltı nüvə obyekti var. Tehranın cənubunda, Qum şəhəri yaxınlığındakı düzənlikdə, İranın zənginləşdirmə proqramının mərkəzində yerləşən Natanzda iki uranın zənginləşdirməsi zavodu da daxil olmaqla nüvə obyektləri yerləşir. Burada uranın zənginləşdirilməsi üçün 50000 sentrifuqa yerləşdirilə bilər. Hazırda orada 14000-ə yaxın sentrifuqa quraşdırılıb, onlardan 11000-i işləyir.

Hücumlar zamanı İsrailin 200-dən çox hərbi təyyarə ilə İranda 100-dən çox hədəfi vurduğu artıq təsdiqlənib. Bu fonda İranın Ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, İsrail bu hücumların ağır nəticəsi ilə üzləşəcək: “Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq alacaq”. İsrailin müdafiə naziri İsrael Kats İrandan mümkün cavab zərbəsi gözlənildiyi üçün ölkəsində “xüsusi vəziyyət” elan edib.

İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də bildirr ki, İranın cavab zərbələri nəticəsində İsrail çox güman, itkilərlə üzləşəcək. Onlar israillilərin vərdiş etdiyindən fərqli olacaqlar: “İsrail vətəndaşları, mən mütləq uğur vəd edə bilmərəm. İran cavab olaraq bizə hücum etməyə çalışacaq və gözlənilən itkilər bizim öyrəşdiyimizdən fərqli olacaq”. Benyamin Netanyahu da israil xalqını İranın zərbələrinə hazır olamağa çağırıb.

Təbii ki, İsrail və İran arasında savaşa digər dövlətlər, o cümlədən region ölkələrinin və ABŞ-ın, Avropanın da müdaxiləsi qaçılmaz hesab olunur. Bu, artıq Yaxın Şərqdə tamamilə yeni vəziyyət demək olacaq. Prosesin Cənubi Qafqaza da təsiri qaçılmazdır. İran və İsrail arasında artıq qaçılmaz görünən genişmiqyaslı müharibənin başlaması bütün Yaxın Şərqdə artıq şok dalğaları yaradıb. Hesab olunur ki, İran-İsrail müharibəsi Yaxın Şərqdə uzun müddətdir davam edən geosiyasi rəqabəti daha da gücləndirəcək. İran tarixən Livandakı “Hizbullah”, Yəməndəki Husilər, Qəzzadakı HƏMAS, Suriya və İraqdakı müxtəlif silahlı qruplaşmaları dəstəkləyib. Bu qruplaşmalara son vaxtlarda ciddi zərbələr endirilsə də, İranın yenidənonları səfərbər edərək İsrailə qarşı yönləndirməsi proqnozlaşdırılır. Son illərdə bir çoxu “İbrahim sazişləri” kimi təşəbbüslər vasitəsilə İsraillə əlaqələri normallaşdıran və ya yaxşılaşdıran ərəb dövlətləri indi təhlükəli vəziyyətdədirlər. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ölkələr geniş regional müharibəyə cəlb olunmaq təhlükəsi ilə üz-üzə qalıblar. Artıq illərlə davam edən müharibə və daxili çəkişmələr nəticəsində zəifləmiş İraq və Suriya yenidən israilin və İranın döyüş meydanına çevrilmək riski ilə üzləşir. Livan da daha ağır vəziyyətlə üzləşir, çünki “Hizbullah”ın İsraillə savaşı sonda ölkəni Təl-Əvizvlə açıq münaqişəyə sürükləyir.

Dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı da artıq təhlükə altındadır. İran Hərbi Dəniz Qüvvələri bundan əvvəl İsrail və ABŞ-ın mümkün hücumlarına cavab olaraq dəniz nəqliyyatını dayandırmaq niyyətini açıq bəyan edib. Fars körfəzindən neft və qaz axınının dayanması qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb olacaq, inflyasiya və regiondan çox kənarda iqtisadi yavaşlamalara səbəb olacaq. Artıq neftin qiymətində kəskin artımlar qeydə alınır. Avropa və Asiyada enerji idxal edən ölkələr buna xüsusilə həssasdır. Nəzərə alınmalıdır ki, Ukraynadakı müharibədən sonra onların bir çoxu Rusiya enerjisini əvəz etmək üçün Yaxın Şərq təchizatçılarına keçiblər. Amma indi burada da problem yaranır.

İran-İsrail münaqişəsi həm də Cənubi Qafqazda dinamikanı yenidən formalaşdıra bilər. İran Azərbaycan və Ermənistanla həmsərhəddir. Bu ölkədə ən azı 40 milyon Azərbaycan türkü yaşayır. İranın bu vaxta qədər Ermənistanın açıq dəstəkçilərindən biri olması faktı da diqqətdən yayınmamlıdır.

Coğrafi müstəvidə savaşın ilkin təsirlərinin Cənubi Qafqaza təsirləri artıq müşahidə olunur. Belə ki, İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib. Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir. Elə o səbəbdən Azərbaycana üz tutan təyyarələrin sayı artır.

Beləliklə, İran-İsrail müharibəsi sadəcə ikitərəfli hərbi qarşıdurma ilə məhdudlaşmır. Bu, qlobal təsirləri olan daha geniş regional qeyri-sabitlik üçün katalizatordur. O, ilk növbədə Yaxın Şərqi böyük təhlükə altına alır və həyati əhəmiyyətli enerji infrastrukturlarını təhdid edir, onsuz da gərgin olan geosiyasi mühitə yeni qeyri-sabitlik gətirir.

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?