Torpaq sənədində uyğunsuzluq varsa, qeydiyyat 15 gün araşdırılacaq - YENİLİK

Əmlak sənədlərindəki uyğunsuzluqlarla bağlı məhkəmə çəkişmələrinə son qoymaq məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik təklif olunub.
Təhlil.az xəbər verir ki, bu dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, hüquqların dövlət qeydiyyatına təqdim edilən sənədlərlə dövlət torpaq kadastrı məlumatları üst-üstə düşmədikdə, qeydiyyat orqanı bu sənədləri 15 iş günü ərzində araşdıracaq. Bu araşdırma zamanı yerquruluşu sənədləri təhlil ediləcək və təqdim olunmuş məlumatların düzgün olub-olmadığı müəyyənləşdiriləcək.
Əgər sənədlərdəki məlumatlar doğru çıxarsa, hüquqlar qeydiyyata alınacaq, dövlət kadastrında isə müvafiq düzəlişlər ediləcək. Əksinə, məlumatlar yanlış olduqda, qeydiyyat orqanı əmlakın dövlət qeydiyyatına alınmasından imtina edə biləcək.
Qanunvericilikdə bu prosedurun olmaması indiyə qədər tez-tez məhkəmə mübahisələrinə səbəb olurdu və müxtəlif məhkəmələr eyni məsələ üzrə fərqli qərarlar verirdi. Yeni dəyişiklik bu boşluğu aradan qaldırmaqla vahid hüquqi yanaşmanın formalaşmasına imkan verəcək.
Ekspertlərin fikrincə, bu dəyişiklik həm əmlak sahibinin hüquqlarını daha aydın şəkildə müəyyən edir, həm də qeydiyyat orqanına qanuni əsaslarla hərəkət etmək imkanı yaradır.