12 iyun

Cənubi Qafqazda güc balansı dəyişir: Gümrü bazası kimin əlində qalacaq? - TƏHLİL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Gümrüdəki 102-ci hərbi baza ilə bağlı açıqlaması İrəvan-Moskva xəttində gərginliyin səngimədiyini göstərdi. Zaxarovanın “bizə heç bir rəsmi siqnal daxil olmayıb” cümləsi səthi baxışda sakitləşdirici bəyanat təsiri bağışlasa da, bu sözlərin arxasında Moskvanın Cənubi Qafqazdakı mövqelərini qorumağa yönəlmiş narahatlıq açıq hiss olunur. Kreml bu bazanı sadəcə Ermənistandakı mövcudluğun deyil, bölgədəki geosiyasi çəkisinin son qalıqlarından biri kimi görür.

Əslində bu bəyanat həm də sətiraltı bir xəbərdarlıqdır: “Siz nə qədər Qərbə yönəlsəniz də, biz hələ buradayıq və buradan çıxmaq niyyətində deyilik.” Çünki Moskva çox gözəl anlayır ki, Ermənistanla bağlarının daha da qopması Rusiyanın Cənubi Qafqazda demək olar ki, tək dayağının itirilməsi anlamına gəlir. Və bu itki Kreml üçün sadəcə diplomatik yox, strateji geriləmə deməkdir.

Paşinyan hökumətinin son illərdə Qərbə yönələn siyasəti artıq bir tendensiyaya çevrilib. KTMT-yə etinasızlıq, Avropa İttifaqı müşahidə missiyasına açıq dəstək, Roma Statutunun ratifikasiyası və NATO ilə yaxınlaşma cəhdləri Rusiya ilə etimad körpülərini bir-bir yandıran addımlar oldu. Bunun fonunda Rusiya sərhədçilərinin Ermənistanın bəzi sərhəd məntəqələrindən çıxarılması isə artıq yalnız diplomatik deyil, fiziki məsafənin də açıq ifadəsinə çevrildi.

Gümrüdəki 102-ci baza 1995-ci ildən bəri Ermənistanın təhlükəsizlik çətiri sayılırdı. Lakin bu gün həmin baza daha çox siyasi mübahisələrin və cəmiyyət daxilində ziddiyyətlərin simvoluna çevrilib. Rusiya üçün bu baza təkcə Ermənistanın müdafiəsini yox, həm də Türkiyə və İranla sərhəddə geostrateji nəzarət imkanını təmin edir. Ona görə də Moskva bu mövzunu "Ermənistanın suveren qərarı" kimi təqdim etməyə çalışsa da, əslində qərarın regional və qlobal nəticələrindən narahatdır.

Digər tərəfdən, Ermənistan üçün də məsələ o qədər sadə deyil. Bəli, Paşinyan hökuməti Qərblə sıx əməkdaşlıq etmək istəyir. Amma bu əməkdaşlıq hələ ki, konkret hərbi təminatlarla müşayiət olunmur. NATO və ya Avropa İttifaqı İrəvana Gümrüdəki baza əvəzində real təhlükəsizlik zəmanəti verirmi? Xeyr. Bunu Ermənistan hakimiyyəti də yaxşı anlayır. Bu səbəbdən İrəvan "baza məsələsi"ni hələlik tam açıq şəkildə gündəmə gətirmir. Amma Moskvanın da bu məsələnin uzun müddət gündəmdən çıxacağına ümid etməsi çətindir.

Geosiyasi reallıq budur ki, Gümrüdəki baza artıq sadəcə hərbi mövqe deyil. Bu, həm də regionda toqquşan maraqların, güc balansının, diplomatik oyunların mərkəzində duran strateji bir obyektə çevrilib. Rusiya, Türkiyə, İran, Azərbaycan və Qərb bu bazaya bir növ bölgə rəqabətinin düyün nöqtəsi kimi baxır.

Zaxarovanın son bəyanatı yaxın dövrdə bazanın çıxarılacağına işarə etməsə də, bu, məsələnin donmuş vəziyyətdə qaldığı anlamına gəlmir. Əksinə, Ermənistanın Qərblə hərbi və siyasi yaxınlaşması sürətlənərsə, bazanın statusu yenidən ciddi şəkildə müzakirə mövzusuna çevrilə bilər. Hətta bu baza yeni formatda, yeni şərtlərlə və fərqli məqsədlərlə ya yenidən müəyyənləşdiriləcək, ya da İrəvan-Moskva münasibətlərinin tamam qırılacağı bir anda tarixin arxivinə göndəriləcək.

Bütün bunlara deməyə əsas verir ki, Gümrü bazası Ermənistanla Rusiya arasında münasibətlərin gələcəyini müəyyənləşdirən əsas geopolitik göstəricilərdən biri olacaq. Bu bazanın taleyi isə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda hansı gücün təsir dairəsində qalacağını müəyyən edəcək.

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?