Qadınların spirtli içki ilə əlaqəli ölüm halı üç dəfə artıb - ARAŞDIRMA

Alkoqoldan qaynaqlanan qaraciyər xəstəliklərindən ölüm halları artıq illərdir ki, artmaqda davam edir.
Təhlil.az xəbər verir ki, son araşdırmalara əsasən, bu artım qadınlar, 25–44 yaşlı gənclər arasında xüsusilə sürətlə baş verir.
Yeni araşdırmaya əsasən, COVID-19 pandemiyasının ilk aylarında qeydə alınan ölüm hallarında baş verən kəskin artım sonrakı illərdə də davam edib. Rəsmi rəqəmlərə əsasən, 2018–2022-ci illər arasında alkoqolla əlaqəli qaraciyər xəstəliklərindən ölüm hallarının illik artım faizi 9%-ə yaxınlaşıb. Halbuki 2006–2018-ci illər aralığında bu göstərici cəmi 3,5% idi.
Ənənəvi olaraq kişilər bu statistikanın çox hissəsini təşkil etsələr də (100,000 nəfərə 17 ölüm), qadınlar arasında ölüm halları kəskin şəkildə artaraq 100,000 nəfərə görə 3-dən 8-ə qədər yüksəlib. Qadınlarda ölüm faizi illik ortalama 4,3% artıb, bu isə kişilərdən təxminən iki dəfə çoxdur.
Tədqiqatçılar gənclər arasında sürətli və təhlükəli qaraciyər iltihabı (alkoqol hepatiti) hallarının artdığını da vurğulayırlar. Bu tip iltihab ani şəkildə baş verir və çox zaman ağır simptomlarla müşahidə olunur: sarılıq, qaraciyər ağrısı, gücsüzlük.
1999–2006-cı illərdə spirtli içki ilə əlaqəli qaraciyər xəstəliklərində ölüm halları sabit qalırdı. Lakin 2007-ci ildən sonra artım başladı və bu artım 2018-ci ildən sonra daha da sürətli oldu. Pandemiya dövründə spirtli içki istehlakının artması bu prosesin sürətlənməsinə səbəb olub. Lakin daha narahatedici məqam odur ki, bu artım pandemiyadan sonra da davam edir.
Alkoqol hepatiti (AH) və siroz (qaraciyər çapıqları) spirtli içki ilə bağlı qaraciyər xəstəliklərinin əsas ölüm səbəbləridir. Siroz halları 1999–2022-ci illər arasında iki dəfə artıb, qadınlar arasında isə üç dəfədən çox (100,000 nəfərə görə təxminən 6 ölüm). Ən yüksək göstərici isə yenə kişilər arasında olub – 13.3 ölüm.
AH halları sirozla müqayisədə daha az yayılıb, amma qaraciyər transplantasiyası üçün ən sürətlə artan səbəbə çevrilib. Həkimlər artıq az spirt qəbul edən, lakin cavan və öncədən alkoqol tarixçəsi olmayan pasiyentlərin ağır qaraciyər simptomları ilə klinikalara müraciət etdiyini bildirirlər.
25-44 yaş aralığında olan şəxslər AH səbəbindən ölüm hallarının ən sürətli artdığı qrupdur. 2007–2022-ci illər arasında bu yaş qrupunda ölüm halları hər il orta hesabla 8.4% artıb.
Ölüm halı ilə bağlı ən yüksək artım göstəriciləri yerli amerikalılar və Alyaska aborigenləri arasında qeydə alınıb. Bu icmalarda AH-dən ölüm halları 2010–2022-ci illər ərzində iki dəfədən çox artaraq 100,000 nəfərə 3.4 ölüm halına çatıb.
Sirozdan ölüm isə 2022-ci ildə 100,000 nəfərə görə 33 nəfərə yüksəlib və bu, bütün digər etnik qruplardan yüksəkdir.
Tədqiqatçılar qeyd edir ki, qadınlar bioloji olaraq alkoqolu kişilərdən daha çətin parçaladıqları üçün eyni miqdarda spirt onlarda daha ciddi fəsadlar yaradır. Buna görə də ABŞ-nin rəsmi tövsiyələrində qadınlara gündə maksimum 1 içki, kişilərə isə maksimum 2 içki tövsiyə olunur. Lakin əhali arasında bu limitlərin çoxu bilinmir.
Araşdırma, yalnız ölüm səbəbi birbaşa “alkoqol hepatiti” və ya “alkoqol sirozu” kimi qeyd olunan halları əhatə edib. Spirtli içki qəbulunun dolayı təsiri olan ölüm halları (məsələn, ürək xəstəliyi fonunda alkoqollu qaraciyər problemi) statistikaya daxil edilməyib. Buna görə də real rəqəmlər çox güman ki, daha yüksəkdir.