Paşinyan-kilsə qarşıdurması qızışır: Eks-prezidentlər birləşir

Ermənistanın baş naziri Nikol Paşinyan və hakim partiyanın bir sıra üzvlərinin Apostol Kilsəsinə və II Qareginə qarşı kampaniyası tam sürətlə davam edir. “Vətəndaş müqaviləsi”nin bəzi üzvləri kilsəyə qarşı atılan addımlarla razılaşmasalar da, bu barədə fikir bildirməyə cəsarət etmirlər. Bununla belə, məlum olub ki, Paşinyan ruhanilərə qarşı kampaniyasını əsaslandırmaq üçün komanda daxilində yeni bir tezis dövriyyəyə buraxıb. Onun fikrinə görə, Rusiya ötən il Baqrat Qalstanyan, indi də Apostol Kilsəsi vasitəsilə hakimiyyətə qarşı mübarizə aparır. Paşinyan və yaxınları Kilsəni Rusiyanın partnyoru kimi qəbul edir.
Kilsə ilə haqq-hesabı çürütməyi planlaşdıran baş nazir hüquq-mühafizə orqanlarına 50-yə yaxın din xadiminin siyahısını verib və onlar barədə kompromat materiallar toplamağı tapşırıb. Məqsəd bu şəxslərə qarşı yaxın vaxtlarda mümkün tədbirləri planlaşdırmaqdır.
Baş verənlərə başqa prizmadan yanaşsaq, Paşinyan qərbpərəst siyasətçidir və NATO-ya meyllidir. Konkret olaraq, Fransa tərəfdarıdır. Bunun üçün isə Ermənistan nəinki Aİ-yə meyl etməli, həm də vahid Avropanın alətinə çevrilməli, Rusiya ilə düşmənçilik etməlidir. Erməni Apostol Kilsəsi isə cəmiyyətin qərbyönümlü olmasını istəmir, Rusiya ilə yaxşı münasibətlər, daha doğrusu Moskvanın forpostu olmağa davam etməsi üçün çalışır. Buna görə də tərəflər arasında münaqişə tam sürətlə davam edir. Qarşıdan gələn seçki ili isə mübarizəni daha da qızışdırır.
Müxalifət isə baş verənlərdən özünə pay çıxarmaq üçün ciddi-cəhdlə Kilsəni, II Qaregini dəstəkləyir, hər gün əlllərində olan resurslarda müxtəlif rəylər, şərhlər bölüşür, insanları Kilsə ətrafında birləşməyə çağırır. Təsadüfi deyil ki, dünən axşam saatlarında İrəvana qayıdan II Qaregini qarşılamaq üçün müxalifət tərəfindən izdiham təşkil edilib. Onu qarşılayanlar arasında ən çox Serj Sarkisyanın tərəfdarları, “Şərəfim var” fraksiyasının üzvləri gözə dəyib.
Nəhayət, iyunun 7-də Ermənistanın birinci prezidenti, Nikol Paşinyanın xaç atası sayılan Levon Ter-Petrosyanın katalikosu ziyarət etməsi bir sıra mətləblərdən xəbər verdi. Bu görüş və sonradan Robert Köçəryan, Serj Sarkisyan cəbhəsindən verilən açıqlamalar göstərir ki, artıq eks-prezidentlər Paşinyana qarşı vahid cəbhədə, yəni katalikosun yanında yer alıblar. Levon II Qareginlə görüşündə ona tam dəstəyini ifadə edib. Paşinyan isə bu görüşdən qəzəblənərək, Ter-Petrosyanı Ermənistanda seçki saxtakarlığının banisi adlandırıb.
Bütün bunlardan savayı, katalikosun hava limanında jurnalistlərə açıqlaması da qəribə olub və o, planları barədə danışmaqdan imtina edib. Bununla belə, bir sıra müxalifət nümayəndələrinin Kilsənin tək olmadığını, onun kifayət qədər müdafiəçisinin olduğunu bildirməsi də müəyyən siyasi dairələrin hərəkətə keçidiyinə işarədir. Eyni zamanda, Serj Sarkisyanın eyni vaxtda küçə yürüşləri və hərəkatı ilə bağlı fikir bildirməsi də artıq müəyyən planların hazırlandığına, qarşıda İrəvan küçələrini ciddi qarışıqlığın gözlədiyinə dəlalət edir. Sarkisyanın ölkədə vətəndaş təhlükəsi ilə bağlı açıqlaması da müxalifətin və eks-prezidentlərin payıza çox ciddi hazırlaşmasından xəbər verir.
Hikmət Həsənov