Ip Manın tələbəsi Bakıda seminar verəcək

21–22 iyun tarixlərində Bakıda Vinq Çun döyüş sənəti üzrə beynəlxalq seminar keçiriləcək. Təhlil.az xəbər verir ki, Seminarda dünyanın məşhur döyüş ustalarından biri olan İp Manın tələbəsi, "Yaşayan Əfsanə" titullu Böyük Usta Samuel Kvok da iştirak edəcək.
Bu barədə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, əməkdar məşqçi Asif Sayadov məlumat verib. O bildirib ki, Beynəlxalq Seminarda həmçinin Türkiyə Vinq Çun Akademiyasının prezidenti Sifu Murat Kaplan, eləcə də İngiltərə və İrandan dəvət olunan peşəkar ustalar iştirak edəcəklər.
Qeyd olunub ki, seminarın ilk günündə – iyunun 21-də saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzinin parkında açıq hava təlimi başlayacaq. Bu mərhələdə iştirakçılar Vinq Çun döyüş sənətinin əsas texnikaları ilə tanış olacaqlar. Onlara fundamental hərəkətlərin izahı və tətbiqi təqdim ediləcək.
Daha sonra Bakı Biznes Universitetinin akt zalında 16:00-dan etibarən 2 saatlıq nəzəri və psixoloji seminar keçiriləcək. Bu sessiya Türkiyədən dəvət olunmuş məhkəmə və kriminal psixologiya üzrə mütəxəssis, yazar və Kunq Fu – Vinq Çun ustası Sifu Murat Kaplan tərəfindən aparılacaq. Sessiyada döyüş sənətində psixoloji hazırlığın əhəmiyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılığın inkişafı mövzularına diqqət yetiriləcək.
Növbəti gün, yəni iyunun 22-də seminar Azərbaycan Texniki Universitetinin idman arenasında baş tutacaq. Seminarın bu mərhələsi 10:00-da başlayıb 4 saat davam edəcək. Bu müddət ərzində Qrandmaster Samuel Kvok iştirakçılara real tətbiq bacarıqlarını inkişaf etdirəcək müxtəlif texniki nümunələr göstərəcək.
İyunun 23-də isə Samuel Kvok Beynəlxalq Vinq Çun Assosiasiyasının prezidenti olaraq Azərbaycan Vinq-Çun Federasiyasının məşqçi və təlimatçıları üçün dərəcə imtahanı keçirəcək.