Deçev: “Bakının strategiyası Bolqarıstan üçün xilasedici oldu” - AÇIQLAMA

Azərbaycan Bolqarıstanı Rusiya qazından asılılıqdan xilas etdi.
Bu fikirləri təhlil.az saytına açıqlamasında bolqar ekspert, dosent, Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin Qara dəniz və Xəzəryanı regionların problemləri laboratoriyasının müdiri Teodor Deçev deyib.
O bildirib ki, Bakı Cənub Qaz Dəhlizinin enerji strategiyasının hazırlanmasında fəal tərəf olub: "Məhz bu strategiya 2020-ci ilin payızında Bolqarıstan üçün xilasedici oldu. Rusiya Bolqarıstan və Polşaya təbii qazı kəsəndə bizi Cənub Qaz Dəhlizinə, daha dəqiq desək Trans-Adriatik Boru Kəmərinə birləşdirən interkonnektor bunu istilik mövsümünün ilk günündə reallaşdırdı”.
Ekspertin sözlərinə görə, Moskva ilə Varşava arasında mürəkkəb münasibətlər hamıya yaxşı məlumdur, lakin Rusiyanın Sofiyaya qaz nəqlini niyə kəsmək qərarına gəldiyi hələ də sirr olaraq qalır.
“Bunu hələ izah edə bilmərəm, amma bu bir həqiqətdir ki, Bakının Avropa ölkələri ilə münasibətləri inkişaf etdirmək, enerji resurslarının Qərbə ixracı strategiyası bütün Cənub-Şərqi Avropa, İtaliya, xüsusilə də Bolqarıstan üçün çox faydalı oldu.
Bundan başqa, Bolqarıstan Azərbaycan və Gürcüstanın Rumıniya və Macarıstanı yaşıl enerji ilə təchiz etməsi prosesinə qoşulub və bu da ölkəmiz üçün çox mühüm və faydalıdır” - deyə, Deçev vurğulayıb.
Bolqarıstanlı ekspert qeyd edib ki, Sofiyanın Bakı ilə əməkdaşlıq etməsinin ən azı beş səbəbi var: “İki səbəbi artıq qeyd etdim. Üçüncü səbəb Orta Dəhlizdir ki, onun həyata keçirilməsində Azərbaycan və Qazaxıstan böyük rol oynayır. Bu dəhliz Bolqarıstan üçün çox ciddi imkanlar açır, çünki o, yüklərin Bolqarıstan dəmir yolu ilə Türkiyəyə daşınması variantını təqdim edir”.
"Bütün bunlar Bolqarıstan-Azərbaycan münasibətlərini başqa cəhətlərlə yanaşı praqmatik kimi xarakterizə edir. Bu əməkdaşlıq hər iki ölkəyə, xüsusən də Bolqarıstana çox böyük faydalar gətirir. Sofiyanın Azərbaycandan təbii qazın tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi var. Bu, bizim üçün çox sərfəlidir. Belə ki, ötən il biz Azərbaycandan 2 milyard kubmetr təbii qaz almışıq və Bolqarıstanın illik tələbatı 3 milyard kubmetrdir. Bakı ilə əməkdaşlıq sayəsində biz özümüzü Rusiya qazından asılılıqdan xilas etdik”, - deyə, Teodor Deçev fikrini tamamlayıb.
Rasim Babayev