Teatra bilet alanlara 50% ƏDV geri qaytarılacaq – yeni güzəştlər təsdiqləndi

Azərbaycanın mədəniyyət sektoru üçün iyul ayından etibarən yeni vergi güzəştləri qüvvəyə minəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Deputatın açıqlamasına görə, Vergi Məcəlləsinə edilən dəyişikliklər mədəniyyət sahəsinə sərmayələrin cəlbini artırmaq və bu sektoru stimullaşdırmaq məqsədi daşıyır.
Yeni qaydalara əsasən, iyulun 1-dən etibarən teatr, film nümayişləri, muzeylər və simfonik orkestr konsertlərinə görə nağdsız ödəniş edənlərə ƏDV-nin 50 faizi geri qaytarılacaq. Başqa sözlə, bu sahələr üzrə “ƏDV cashback” tətbiq olunacaq.
Bununla yanaşı, mədəniyyət subyektlərinə 5 il müddətinə torpaq vergisindən tam azadolma, mənfəət (və ya gəlir) vergisindən isə 90 faizlik güzəşt veriləcək.
Əvvəlki qanunvericilikdə bu rəqəm 75 faiz idi. Qanuna edilən dəyişikliklə güzəşt alan müəssisələrin sayı da artırılıb – bundan sonra teatrlar, muzeylər, simfonik orkestr və film prodüserləri də bu dəstəkdən faydalana biləcək.
Vüqar Bayramov qeyd edib ki, bu addım həm mədəniyyət xidmətlərinin qiymətinə müsbət təsir göstərəcək, həm də bu sahəyə marağı artıracaq.