Sahib Ələkbərov: “Ən əhatəli “Tour d’Azerbaidjan” 2026-da keçiriləcək” - AÇIQLAMA

2026-cı ildə keçirilməsi planlaşdırılan “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlki illərdə təşkil edilən analoji turnirlərdən daha əhatəli olacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.
O, yarışla bağlı fikirlərini bölüşüb:
"Bu, əvvəlki illərdəkindən daha əhatəli olacaq. Beş mərhələdən ibarət turnirin 2026-cı ildə təqvim planına daxil edilməsi üçün Beynəlxalq Velosipedçilər İttifaqına rəsmi müraciət artıq göndərilib. Bunun qəbul olunacağını güman edirik. “Tour d’Azerbaidjan” yarışının 20 şəhər və rayonun ərazisindən keçməsi nəzərdə tutulur. Əvvəlcə Bakıdan start götürəcəyik. Velosipedçilər işğaldan azad olunmuş ərazilərdən, Xankəndidən də keçəcəklər. Sonuncu mərhələdə finiş xəttimiz isə Şuşada olacaq".
Qeyd edək ki, 2026-cı ildə gerçəkləşməsi planlaşdırılan “Tour d’Azerbaidjan”da birinci mərhələ Bakı-Sumqayıt, ikinci mərhələ Bakı-Şamaxı-İsmayıllı, üçüncü mərhələ Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, dördüncü mərhələ Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə, beşinci mərhələ isə Gəncə-Tərtər-Xankəndi-Şuşa marşrutu üzrə həyata keçiriləcək. Sözügedən velosiped yarışı daha əvvəl, 2013-2017-ci illər aralığında 5 dəfə təşkil olunub. (report)