05 iyun

Tariflər sərtləşir, Azərbaycan üzərindən daşımalara ehtiyac artır - TƏHLİL

Dünyanın iqtisadi saatı bir az da yavaşladı. Parisdən səslənən xəbər qlobal iqtisadiyyatın temperaturunu bir daha ölçdü: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2025-ci il üçün böyümə proqnozunu 3,3 faizdən 2,9 faizə endirdi. Səbəb? ABŞ-nin prezidenti Donald Trampın sərt ticarət addımları və proteksionist siyasəti. Trampın “tarif hücumu” yalnız iqtisadi hesablara zərbə vurmadı, eyni zamanda dünya bazarına olan inamı da sarsıtdı.

Trampın polad və alüminiuma tətbiq etdiyi yeni rüsum qərarı, ABŞ istisna olmaqla, dünyanın əksər ölkələrinə təsir edir. Bu tariflər artıq konkret nəticə verib: ABŞ və Çin arasında ticarət dövriyyəsi bir ayda 20 faiz azalıb. Vaşinqtonun Çin mallarına tətbiq etdiyi 145 faizlik rüsumlara Pekin 125 faizlik cavabla reaksiya verdi. Gərginlik o qədər yüksəldi ki, tərəflər 3 aylıq “atəşkəs”ə razılaşsa da, ittihamlar davam edir və qarşılıqlı inam sürətlə əriməkdədir.

Bu arxa planda isə diqqətçəkən bir ölkə var ki o da Azərbaycandır.  ABŞ-Çin ticarət müharibəsinin və qlobal ticarət cərəyanlarının pozulmasının yaratdığı boşluqları doldurmaq imkanına sahib ölkə. Çünki bu savaşın əsas nəticələrindən biri Çin məhsullarının Avropa istiqamətinə yönəlməsi olacaq. Avropa da öz növbəsində Çinə ixracını artırmaq üçün alternativ yollar axtarır. Bu axtarışların ortasında isə Orta Dəhliz  və onun mühüm həlqəsi olan Azərbaycan durur.

Əslində bu, təkcə coğrafi mövqenin deyil, eyni zamanda düzgün infrastruktur siyasətinin bəhrəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, Zəngəzur dəhlizi, beynəlxalq avtomobil magistralları Azərbaycanın yükdaşımada cəlbediciliyini artıran amillərdir. Rəsmi Bakı da bu fürsətin fərqindədir. Sərhəd-buraxılış məntəqələrində sürətli keçid mexanizmləri yaradılır, tranzit əməliyyatları sadələşdirilir, logistika xidmətləri təkmilləşdirilir.

Trampın rüsum siyasətinin Avropa İttifaqı ilə də yeni qarşıdurmalara yol açacağı proqnozlaşdırılır. Vəziyyəti daha da mürəkkəbləşdirən amil isə ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin tariflərlə bağlı Trampın səlahiyyətlərini aşdığını bəyan etməsidir. Tramp buna etiraz edib və məhkəmə qərarlarına əhəmiyyət vermədiyini gizlətmir. Bu isə o deməkdir ki, qarşıda daha sərt iqtisadi qarşıdurmalar yaşana bilər.

Bu da o deməkdir ki, dünya ticarətində sabitlik, ən azı yaxın dövrdə gözlənilmir. Amma xaos bəzən imkanlar da yaradır. Azərbaycan üçün bu imkan tranzit ölkə statusunun gücləndirilməsi və tədarük zəncirinin ayrılmaz parçasına çevrilməkdir. Gələcək illərdə bu rolu daha da möhkəmləndirmək üçün ölkənin nəqliyyat strategiyasının ağıllı planlaşdırılması həlledici olacaq.

Beləliklə, bir supergücün proteksionizmi başqa bir ölkənin dəhlizə çevrilməsinə səbəb olur. Qlobal ticarət blokadaya düşsə də, Azərbaycan üçün bu yeni bir yolun daha çox yüklə, daha çox tranzitlə gələn bir yolun başlanğıcı ola bilər.

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?