05 iyun

Azərbaycan kölgə iqtisadiyyatında 4% azalma ilə fərqlənir

“Ernst & Young” (EY) şirkəti tərəfindən yayımlanan “Global Shadow Economy Report 2025” adlı hesabatda 2000–2023-cü illəri əhatə edən dövr üzrə 131 ölkədə kölgə iqtisadiyyatının miqyası qiymətləndirilib.

Təhlil.az xəbər verir ki, hesabatda Azərbaycan iqtisadiyyatında kölgə sektorunun ÜDM-dəki payı 17,7% olaraq göstərilib. Müqayisə üçün qeyd olunur ki, bu göstərici 2013-cü ildə 21,7% təşkil edib. 

Hesabat kölgə iqtisadiyyatının inkişaf səviyyəsindən asılı olmayaraq həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə geniş yayıldığını göstərir. Qeyri-rəsmi əməliyyatların statistikaya düşmədiyi səbəbindən şirkət hesabatın hazırlanmasında müxtəlif metodlardan, yəni pul dövriyyəsi, məşğulluq və istehsal arasında uyğunsuzluqlar, gecə vaxtı çəkilən peyk şəkilləri və institusional indikatorlardan istifadə edib. 

Qlobal səviyyədə kölgə iqtisadiyyatının ÜDM-dəki payı 19,3% kimi hesablanıb. Bu göstərici 2000-ci ildən bəri ümumilikdə 6,7% azalıb. Azalmanın əsas səbəbləri kimi rəqəmsallaşma, vergi nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və dövlət institutlarına inamın artması göstərilir.

Xəzər regionu ölkələri arasında Azərbaycanın göstəricisi mülayim, lakin müsbət dinamikaya malik hesab olunur. Məsələn, İranda bu rəqəm 22,5%, Türkmənistanda 19,7%, Çində 20%, Rusiyada 13,1%, Qazaxıstanda isə 11% təşkil edir.

Nəticə olaraq, Azərbaycanda kölgə iqtisadiyyatının həcminin azaldılması istiqamətində atılan addımlar rəqəmsal idarəetmə alətlərinin genişlənməsi, vergi rejiminin optimallaşdırılması və investisiya mühitinin yaxşılaşdırılması şirkətin hesabatında qlobal trendlərlə uyğunluq təşkil edir və ölkənin institusional inkişaf trayektoriyasının müsbət olduğunu göstərir.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?