04 iyun

Bakı Enerji Həftəsi: sərvətlərdən sabitliyə, sabitlikdən güvənə - TƏHLİL

Bakı bu günlərdə təkcə enerji paytaxtına çevrilməyib. O həm də iqtisadi etimadın mərkəzinə dönüb. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, imzalanan sazişlər və səsləndirilən fikirlər Azərbaycanın qlobal enerji xəritəsində təkcə təchizatçı deyil, strateji tərəfdaş kimi qəbul olunduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi rəqəmlər Azərbaycanın makroiqtisadi mənzərəsini aydın göstərir. Xarici borc ÜDM-in 7 faizindən azdır, maliyyə ehtiyatları borcu 14 dəfə üstələyir, yoxsulluq səviyyəsi isə 5 faizə qədər enib. Bu göstəricilər Azərbaycanın neft gəlirlərindən ağıllı istifadə etməklə uzunmüddətli maliyyə dayanıqlığına nail olduğunu sübut edir.

Tədbirdə dünyanın aparıcı enerji və texnologiya şirkətlərinin iştirakı, imzalanan sənədlər və keçirilən müzakirələr ölkəmizin təkcə enerji sahəsində deyil, ümumilikdə etibarlı iqtisadi mühitə malik olduğunu göstərdi. Son illərdə qeyri-neft sektorunun ÜDM-də 70 faizlik paya çatması, investisiya reytinqlərinin artması, rəqəmsallaşma və yaşıl enerji layihələrinin genişlənməsi Azərbaycanın resurs ölkəsi imicindən uzaqlaşaraq innovasiya yönlü inkişaf yolunu seçdiyini göstərir.

Xüsusilə də azad edilmiş ərazilərin iqtisadi xəritəyə yeni və dinamik sahə kimi daxil edilməsi, həmin bölgələrə beynəlxalq investorların cəlb edilməsi prosesin genişmiqyaslı xarakter aldığını göstərir. Bu ərazilərdə təşkil olunan forumlar, sərgilər və biznes təşəbbüsləri Azərbaycanın öz iqtisadi imkanlarını necə strateji formada yönləndirdiyini ortaya qoyur.

Maliyyə sabitliyi, hüquqi şəffaflıq, rəqabətli vergi və gömrük sistemləri ilə müşayiət olunan bu mühit yerli və xarici investorlar üçün əlverişli şərait yaradır. Azərbaycan özünü artıq təkcə enerji resursları ilə deyil, eləcə də iqtisadi sabitlik və siyasi risklərin azlığı ilə fərqləndirən ölkə kimi təqdim edir.

Bakı Enerji Həftəsi bu baxımdan sadəcə texniki konfrans deyil, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini nümayiş etdirən güzgü rolunu oynadı. Səsləndirilən mesajlar, təqdim edilən layihələr və göstərilən nəticələr ölkənin iqtisadi diplomatiyasının uğurlu nümunəsinə çevrildi. Azərbaycanın sabit və dayanıqlı inkişaf edən ölkə kimi qlobal biznes dairələrinə təqdimatı bu tədbirlə daha bir mərhələ qazandı.

MTM Analitik Qrupu 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.