Bakı Suriyada dialoq qurur, Yaxın Şərqdə mövqe qazanır - ŞƏRH

Uzun illərdir dünyanın siyasi barometrini təyin edən Yaxın Şərq bu gün də tarixi çəkişmələrin, enerji diplomatiyasının və geosiyasi manevrlərin episentrindədir. Regionun strateji əhəmiyyəti təkcə neft və qaz ehtiyatları ilə ölçülmür. Burada toqquşan maraqlar, dəyişən ittifaqlar və qərarların nəticəsi təkcə regionu deyil, bütün dünyanı silkələyir. Elə bu mürəkkəb tablo içində Azərbaycanın yeni siyasi çəkisi getdikcə daha çox diqqət çəkir.
2023-cü ildə Qarabağda separatçılığa son qoyaraq öz suverenliyini bərpa edən Azərbaycan, indi bu nüfuzu daha geniş coğrafiyada, xüsusilə də Yaxın Şərqdə diplomatik alət kimi istifadə edir. Söhbət sadəcə iqtisadi əməkdaşlıqdan yox, real geosiyasi vasitəçilikdən gedir. Məsələn, Suriya kimi kənar müdaxilələrə qarşı immuniteti zəif olan, eyni zamanda geosiyasi rəqabətin “boks rinqinə” çevrilmiş bir ölkədə Türkiyə və İsrail kimi regional güclər arasında diplomatik körpü qurmaq təsadüfi uğur deyil. Bu artıq hesablanmış və strateji baxışın nəticəsidir.
Azərbaycanın bu yeni rolu təkcə İsrail və Türkiyə ilə olan münasibətləri idarə etmək deyil, həm də onları Suriya kimi həssas məkanda toqquşmadan uzaq saxlamaqdan ibarətdir. “Times of Israel”in məlumatlarına görə, Bakı iki ölkə arasında Suriya üzrə danışıqlar üçün artıq üç raundluq görüşlərə ev sahibliyi edib. Bu isə o deməkdir ki, Azərbaycan Yaxın Şərqdə “yumşaq güc” vasitəsilə real təhlükəsizlik mexanizmləri qurur. Vasitəçiliklə tərəfləri sakitləşdirir, diplomatiya ilə toqquşmanı önləyir.
Bu prosesdə Azərbaycanın fərqi nədir? Birincisi, Bakı heç bir tərəfin daxili işlərinə qarışmadan, balanslı və etibarlı tərəfdaş obrazı formalaşdırıb. İkincisi, Türkiyə və İsrail kimi Yaxın Şərqin ən güclü regional oyunçuları Azərbaycanın mövqeyinə etibar edir. Üçüncüsü isə Bakı bu güvəni təkcə sözlə deyil, nəticə ilə möhkəmləndirir.
Hazırkı mənzərədə Suriya artıq sadəcə Əsəd rejiminin taleyi ilə bağlı mübahisə obyekti deyil. Bu ölkə həm də regional nüfuz oyunlarının əsas meydanlarından birinə çevrilib. Və bu oyunda Azərbaycanın görünməz, lakin effektiv diplomatik təsiri getdikcə güclənir. İndi Bakı yalnız bir regionun deyil, çoxlu maraqların uzlaşdığı beynəlxalq sistemin mühüm oyuncularından birinə çevrilmək yolundadır.
Yaxın Şərq hələ də sabitlikdən uzaqdır. Amma bu bölgədə qlobal və regional güclərin qarşıdurmasını qarşılıqlı anlaşmaya çevirmək Azərbaycanın indiki kimi rasional, sakit və praqmatik diplomatiyasından keçəcək. Həqiqi güc, görünür, məhz bu səssiz və balanslı oyundadır.
MTM Analitik Qrupu