Təhlükəli qidalar hər il 125 min uşağın həyatına son qoyur - RƏSMİ

Təhlükəli və çirklənmiş qida məhsulları təkcə sağlamlığa deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Təhlil.az zəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva “Ümumdünya Qida Təhlükəsizliyi Günü” münasibətilə keçirilən konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hər il dünyada təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur, 420 min nəfər isə həyatını itirir. Ən acı statistik göstəricilər isə beş yaşdan kiçik uşaqlarla bağlıdır:
“Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir. Bu səbəbdən hər il təxminən 125 min uşaq dünyasını dəyişir”.
Zəkiyyə Mustafayeva bu statistikanı faciəvi adlandıraraq qeyd edib ki, məsələ təkcə tibbi deyil, qlobal iqtisadi rifah üçün də ciddi təhlükə mənbəyidir:
“Qida təhlükəsizliyi təmin olunmadıqda nəinki insan sağlamlığı, həm də ölkələrin iqtisadi inkişafı risk altına düşür”.