Triumviratla güclənən Azərbaycan diplomatiyası - AÇIQLAMA

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində baş tutan Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşü Bakı, Ankara və İslamabad arasında strateji əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin davamıdır.
Bu fikirləri təhlil.az-a açıqlamasında hüquq elmləri doktoru, Göteborq Universitetinin baş müəllimi Kamal Makili-Əliyev deyib.
O bildirib ki, Avrasiya triumviratı adlanan Türkiyə-Azərbaycan-Pakistan çox maraqlı geosiyasi əlaqəni nümayiş etdirir: “Bunun isə yalnız Azərbaycan triumvirat ölkələrindən biri kimi Cənubi Qafqazda yerləşdiyi təqdirdə mümkün ola biləcəyini müşahidə edirik. Alyans Mərkəzi Asiya dövlətlərini və eyni zamanda nüvə dövləti olan Pakistanı NATO-nun ikinci ən böyük hərbi gücü sayılan Türkiyə ilə birləşdirir. Bu, yalnız Mərkəzi Asiya və Cənubi Qafqaz regionu vasitəsilə mümkün ola bilər”.
Makili-Əliyevin fikrincə, Azərbaycan Türkiyə ilə Pakistanı geosiyasi baxımdan bu yolla birləşdirməyə qadir olan dövlətdir.
“Azərbaycan bir dövlət kimi burada əsas rol oynayır. Üstəlik, Bakı belə strateji əməkdaşlıqdan çox ciddi dividendlər əldə edir. Bu, ilk növbədə, Azərbaycanın təhlükəsizlik parametrlərinin gücləndirilməsi, Silahlı Qüvvələrinin gücləndirilməsi, hərbi əməliyyatların aparılmasında böyük təcrübəsi olan dövlətlərlə təcrübə mübadiləsinin aparılmasıdır” - deyə, ekspert vurğulayıb.
O qeyd edib ki, Türkiyə və Pakistanın çox güclü orduları var ki, onlar təkcə başqa dövlətlərə və ordulara qarşı deyil, həm də asimmetrik düşmənə, qeyri-dövlət xarakterli düşmənə və terrorçu qruplara qarşı müharibə aparmaq üçün təlim keçiblər.
“Ona görə də Türkiyənin, məsələn, Suriyada, Pakistanın Əfqanıstan və Hindistanla sərhədində malik olduğu böyük təcrübə və sair, bütün bunlar Azərbaycan üçün strateji təhlükəsizliyinin təmin edilməsi kontekstində zəruri olan əvəzsiz dəyərə malikdir. İkincisi, bu geosiyasi əlaqə Azərbaycanın həm Yaxın Şərqdə, həm də Asiyanın dərinliklərində diplomatik maraqlarının mövcudluğunu təmin edir. Bu, Bakının coğrafi baxımdan uzaq olan və çətinliklə çata bildiyi yerlərdə strateji müttəfiqlərin olması ehtimalı deməkdir. Nəticə etibarı ilə Azərbaycan strateji müttəfiqləri Türkiyə və Pakistan vasitəsilə bu regionlarda öz maraqlarını həyata keçirə bilər” - deyə, hüquq elmləri doktoru əlavə edib.
Rasim Babayev