Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olub. Açılışda Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır. Strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir.
Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Spiker xatırladıb ki, Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirilib:
“Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq”.
Sahibə Qafarova qeyd edib ki, Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclisin adından təbrik məktubları ünvanlanıb.