Bank sektorunun yeni hədəfi: Qarabağ və Şərqi Zəngəzur

Azərbaycanın azad edilmiş əraziləri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit aktivliyi artmaqda davam edir.
Təhlil.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəsmi xəbərlərə əsasən, 2025-ci il mayın 1-nə olan statistikaya əsasən, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 10,8 milyon manata çatıb. Bu, aprel ayı ilə müqayisədə 486 min manat və ya 4,7% artım deməkdir. Kreditlərin orta faiz dərəcəsi isə 16,94% təşkil edib.
Regiona yönələn kreditlərin böyük hissəsi – 10,1 milyon manatı milli valyutada, qalan 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) verilib. Bu dinamika Şərqi Zəngəzura olan iqtisadi marağın yüksəldiyini göstərir.
Qarabağ iqtisadi rayonu üzrə isə göstəricilər daha genişmiqyaslıdır. Mayın 1-nə bu bölgəyə 491,2 milyon manat kredit qoyuluşu qeydə alınıb. Bu, ötən ayla müqayisədə 10 milyon manat və ya 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 61,2 milyon manat və ya 14,2% artım deməkdir. Burada orta faiz dərəcəsi 19,43% olub. Kreditlərin 489,8 milyon manatı milli, 1,4 milyon manatı isə xarici valyutada verilib.
Ümumilikdə isə 2025-ci ilin may ayına olan vəziyyətə görə, ölkə üzrə kredit qoyuluşlarının ümumi həcmi 28,096 milyard manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 milyard manat və ya 14% çoxdur.
Azad edilmiş ərazilərdə kredit qoyuluşlarındakı artım, bölgələrə olan iqtisadi etimadın yüksəldiyini və bərpa-quruculuq prosesinin maliyyə dəstəyinin gücləndiyini göstərir.