29 may

Ərdoğandan Zəngəzur çağırışı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən jurnalistlərlə söhbətində bölgədəki sülh prosesi, Ermənistanla münasibətlər və Zəngəzur dəhlizi barədə əhəmiyyətli açıqlamalar verib.

Təhlil.az xəbər verir ki, Türkiyə prezidenti açıqlamasında deyib: “Sülh üfüqdə görünür. Bu prosesi diqqətlə izləyirik və üzərimizə düşən dəstəyi veririk. Əldə olunacaq sülh Azərbaycanla Ermənistan üçün olduğu qədər Türkiyə üçün də əhəmiyyətlidir. Biz də Ermənistanla normallaşma yolunda diqqətli addımlar atırıq. Sülh və münasibətlərin normallaşması bölgədə ümumi rifaha xidmət edəcək”. 

Ərdoğan, həmçinin, Zəngəzur dəhlizinin regional əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, bu dəhliz yalnız Azərbaycanın Naxçıvanla quru bağlantısını bərpa etməsi baxımından deyil, həm də Türkiyə üzərindən Türk dünyasına çıxışı təmin edən yeni inteqrasiya xətti olaraq vacibdir.

“Zəngəzur dəhlizi Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunun inkişafına xidmət edəcək. Bu istiqamətdə qonşu İranın da əməkdaşlıq etməsini və bölgənin sabitliyinə dəstək verməsini gözləyirik. Bu, hər kəs üçün "qazan-qazan" modelidir və biz hamının bu fürsətdən faydalanmasını istəyirik”, – deyə, Ərdoğan əlavə edib.