Yeni liman, yeni imkanlar: Qarabağa uçan yollar açıldı - TƏHLİL

Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi sadəcə bir nəqliyyat obyektinin açılışı deyil, Azərbaycanın yeni dövrdə regional statusunu, güc balansındakı yerini və gələcəyə baxışını ortaya qoyan mühüm geosiyasi və iqtisadi mesajdır. Bu layihə həm azad edilmiş ərazilərdə həyata keçirilən böyük quruculuq prosesinin simvoludur, həm də Azərbaycan, Türkiyə və Pakistan üçbucağında formalaşan strateji həmrəyliyin konkret infrastruktur təzahürüdür.
Hava limanının ən mühüm özəlliklərindən biri onun dağlıq, mürəkkəb relyefdə və qısa müddətə inşa edilməsidir. Bu, təkcə mühəndislik uğuru deyil, həm də siyasi iradənin, dövlət gücünün və idarəetmə bacarığının göstəricisidir. Azərbaycanın ən yüksək nöqtədə yerləşən bu aeroportu eyni zamanda regionun gələcək iqtisadi-sosial xəritəsini yenidən cızmaq gücündə olan mühüm bir infrastruktur nöqtəsinə çevrilir.
Laçın hava limanının coğrafi yerləşməsi də təsadüfi deyil. Ermənistan sərhədinə yaxın bu mövqe hərbi-siyasi baxımdan da olduqca stratejidir. Bu liman həm fövqəladə hallarda təhlükəsiz nəqliyyat bağlantısı təmin edəcək, həm də ehtiyac yaranarsa, milli təhlükəsizliyin dəstəklənməsi baxımından əlavə imkan yaradacaq. Sülh dövründə isə bu obyekt regionun iqtisadi canlanması, əhalinin daimi məskunlaşması və logistik əlaqələrin bərpası üçün körpü rolunu oynayacaq.
Bu açılış bir daha sübut edir ki, Azərbaycan postmünaqişə dövründə sadəcə yenidənqurma aparmı, gələcək 10 illəri planlayan bir model yaradır. Füzuli və Zəngilan hava limanlarından sonra Laçın da bu strateji xəritədə öz yerini tutur. Nəticədə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə sürətli giriş imkanı yaranır, bu isə həm dövlət strukturlarının fəaliyyətini, həm də özəl sektorun sərmayə iştahasını artırır.
Laçın hava limanı eyni zamanda Azərbaycanın beynəlxalq logistika və tranzit mərkəzinə çevrilmək iddiasını da gücləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və digər marşrutlarla birlikdə bu aeroport multimodal daşımalar üçün strateji halqaya çevrilir. Bu, təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də ticari və logistik baxımdan əlavə imkanlar deməkdir.
Hava limanının istifadəyə verilməsi turizm sektoru üçün də yeni səhifə açır. Qarabağ və Şərqi Zəngəzur təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də turizm baxımından böyük potensiala malikdir. Tarixi abidələr, təbii gözəlliklər və mədəni irs bu bölgəni müvafiq nəqliyyat infrastrukturunun mövcudluğu ilə cazibə mərkəzinə çevirə bilər.
Bu layihənin dəyəri yalnız texniki göstəricilərlə ölçülmür. Laçın hava limanı Azərbaycanın azad olunmuş torpaqlarda suverenliyini möhkəmləndirməsinin rəmzidir. Türkiyə və Pakistan kimi müttəfiqlərlə əməkdaşlıq fonunda bu liman həm də beynəlxalq mesaj daşıyır. Azərbaycan bölgədə sabitlik, inkişaf və əməkdaşlıq istəyən tərəfdir, amma öz maraqlarını qorumağa da tam qadirdir.
Gələcəkdə Naxçıvanla quru bağlantı tam bərpa olunana qədər bu hava limanlarının rolu daha da artacaq. Regionda hava nəqliyyatına ehtiyac təkcə təhlükəsizlik və logistika baxımından deyil, həm də siyasi proseslərin operativ idarə olunması üçün də vacib elementdir. Bu mənada Laçın aeroportu həm fövqəladə ehtiyacların, həm də strateji məqsədlərin mərkəzinə çevrilir.
Nəticə etibarilə, Laçın Beynəlxalq Hava Limanı sadəcə infrastruktur layihəsi deyil, o, Azərbaycanın gələcək strateji planlarının, regional güc iddiasının və postmünaqişə dövrdə formalaşdırdığı yeni Cənubi Qafqaz düzəninin ayrılmaz bir hissəsidir. Bu hava limanı Azərbaycanı regionda birləşdirici və yönverici gücə çevirən qlobal layihələrin ayrılmaz halqasıdır.
MTM Analitik Qrupu