Azərbaycanda 7 min ailəyə qurban əti paylanılacaq

Səudiyyə Ərəbistanının Azərbaycana ayırdığı 46,5 ton qurban ətinin paylanılması 7 min ailəni əhatə edəcək.
Təhlil.az xəbər verir ki, bunu çərşənbə günü Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Kürdəxanı Yeni Yaşayış Kompleksində ət paylanması mərasimində deyib.
Səfir bildirib ki, 5 min heyvan cəmdəyindən ibarət qurban əti Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır.
“Bu tədbirdə iştirak etməkdən və Azərbaycana ayrılmış qurban ətinin sizin iştirakınızla paylanılmasından çox məmnunam. Nazirlik ehtiyacı olan şəxslərə birbaşa qayğı göstərən qurumlardandır və müvafiq məlumat bazasına malikdir. Buna görə də paylanma məsələsi nazirliyə həvalə olunub və hər il onun uyğun bildiyi qaydada həyata keçirilir”, – deyə o qeyd edib.
İssam bin Saleh əl-Cuteyli vurğulayıb ki, Səudiyyə Ərəbistanının bu hədiyyəsi iki ölkənin cəmiyyətləri arasında əlaqələrin və İslam qardaşlığının göstəricisidir.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının kralı və vəliəhdi dünyanın müxtəlif ölkələrində müsəlmanların ehtiyaclarının qarşılanmasına xüsusi diqqət ayırırlar.
Səfir mərasimin keçirildiyi ünvanın nazirlik tərəfindən seçildiyini, burada qurban ətinin şəhid ailələrinə, veteranlara və onların ailə üzvlərinə paylanıldığını bildirib. O, tədbirin təşkilinə və paylanmaya göstərilən dəstəyə görə nazirliyə təşəkkür edib.