“Azərkimya”da yeni modernizasiya mərhələsi başlayır

SOCAR-ın “Azərkimya” İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır.
Təhlil.az xəbər verir ki, bunu “Azərkimya”nın Proses üzrə direktoru Samir Səlimli “20 Sentyabr - Neftçilər Günü” çərçivəsində Etilen-Polietilen zavoduna mediatur zamanı deyib.
Onun sözlərinə görə, hazırda müəssisədə modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir. Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik mərhələsi 95 faiz tamamlanıb və gələn ildən sahə işlərinə başlanılacaq.
S.Səlimli bildirib ki, “Azərkimya”da etilen və propilenlə yanaşı, hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar da istehsal olunur.
Direktor qeyd edib ki, aşağı sıxlıqlı, yüksək təzyiqli polietilen daxili tələbat ödənildikdən sonra Türkiyə və Avropa ölkələrinə ixrac edilir. “Azərkimya”nın məhsullarının ixrac coğrafiyasına Türkiyə, Çin, Avropa ölkələri, Estoniya və digər ölkələr daxildir.
O, həmçinin bildirib ki, “Azərkimya”da hidrogendən əsas məhsulların istehsalı prosesində, “SOCAR Polymer”də isə daxili tələbatın ödənilməsi üçün istifadə olunur.
S.Səlimlinin sözlərinə görə, 2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində etilen üzrə məhsuldarlıq 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. Müəssisə artıq 5 ildir ki, bu məhsuldarlıqla fəaliyyət göstərir.