Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin gündəliyi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər. Görüşdə strateji müttəfiqlik münasibətləri müzakirə edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.
Bildirilib ki, nazirlər ölkə liderlərinin rəhbərliyi və baxışları əsasında formalaşan, Şuşa Bəyannaməsində təsbit edilən strateji müttəfiqlik münasibətlərinin gündəliyini nəzərdən keçiriblər.
Görüşdə siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, investisiyalar, enerji, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiya məsələləri müzakirə olunub.
Nazirlər yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya da daxil olmaqla, institusional mexanizmlərin əhəmiyyətini vurğulayıblar.
Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı, D-8 və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Pakistan–Türkiyə və Azərbaycan–Özbəkistan–Türkiyə formatları da daxil olmaqla, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının regional təhlükəsizliyə, iqtisadi inkişafa və əlaqəliliyə verdiyi töhfə qeyd olunub.
Nazirlər son bir il ərzində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişi və davamlı sülhə, eləcə də regional əməkdaşlığa yönəlmiş praktiki addımları müzakirə ediblər.
Bundan əlavə, Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər münaqişələrin və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqelərini bir daha təsdiqləyiblər.