Bu gün

Ərdoğan Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "X" hesabında paylaşım edilib.

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən Bakı şəhəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin nəzarəti altında idi. Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi və Bakının azad edilməsi Cümhuriyyətin qarşısında duran əsas vəzifələrdən birinə çevrilmişdi. Hökumətin sərəncamında cəmi 600 nəfərlik qüvvə olduğu halda, Bakı Sovetinin 18 minlik qoşunu ilə mübarizə aparmaq mümkün deyildi.

Azərbaycanın müraciətinə cavab olaraq Osmanlı dövləti hərbi yardım göstərmək qərarına gəldi və Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu formalaşdırıldı. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında imzalanan müqavilə əsasında hərbi yardım rəsmiləşdirildi. İyunun sonu–iyulun əvvəlində Göyçay döyüşlərində əldə edilən qələbə Bakı Soveti qoşunlarının Gəncəyə yürüşünü dayandırdı və Qafqaz İslam Ordusunun Bakı istiqamətində əks-hücumuna şərait yaratdı; ardınca Göyçay, Kürdəmir, Ağsu və Şamaxı azad edildi.

Bakıya doğru irəliləyişə baxmayaraq, şəhərdə Sentrokaspi Diktaturası və ona dəstək verən xarici qüvvələr ciddi müqavimət göstərirdi. Qafqaz İslam Ordusunun avqustun 5-də Bakı üzərinə ilk hücumu uğursuz olsa da, sentyabrın 14-nə keçən gecə başlanan növbəti hücum zamanı türk-Azərbaycan qüvvələri həlledici üstünlük əldə etdi. Sentyabrın 14-də Britaniya qoşunları Bakını tərk etdi, sentyabrın 15-də isə Sentrokaspi Diktaturası məğlub edildi və iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdı.

Sentyabrın 16-da Bakının azad olunması münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi və ertəsi gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanın siyasi, iqtisadi və strateji mərkəzinin azad edilməsi Cümhuriyyətin dövlət quruculuğunun qarşısında yeni mərhələ açdı. Bakının azad edilməsi zamanı Osmanlı ordusu 1 130 şəhid verdi və bu qələbə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qaldı.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?