25.05.2025: Azərbaycanda bir gündə 496 nikah - STATİSTİKA

25.05.2025 tarixində ölkə üzrə tam 496 nikah rəsmiləşdirilib.
Təhlil.az xəbər verir ki, bu, il üzrə orta gündəlik göstəricidən dörd dəfəyə yaxın yüksəkdir.
2025-ci ilin ilk üç ayında ölkədə ümumilikdə 11 min 206 nikah qeydə alınıb, bu da gündə təxminən 124 nikah deməkdir.
25 mayda isə bu rəqəm 496-ya çataraq rekord səviyyəyə qalxıb.
Əvvəlki illərlə müqayisədə də bu fərq aydın hiss olunur.
2024-cü ildə gündəlik orta nikah sayı 135, 2023-cü ildə isə 149 olub.
Ekspertlərin fikrincə, bu artımın əsas səbəbi simvolik və yadda qalan tarixlərə üstünlük verən cütlüklərin seçimidir. “25.05.2025” kimi təkrarlanan və simmetrik tarixlər həm uğurlu sayılır, həm də unudulması çətin olduğuna görə xüsusilə populyardır.
Bu tendensiya təkcə Azərbaycana deyil, dünyanın bir çox ölkələrinə də xasdır. Belə tarixlərdə nikah mərasimlərinə maraq artır, qeydiyyat şöbələrində növbələr uzanır, toy salonlarında tarixlər aylarla əvvəlcədən tutulur. (modern.az)