Füzulidə və Qəbələdə milyonlarla kubmetr ehtiyat hərraca çıxarıldı

Füzuli və Qəbələ rayonlarında yerləşən 2 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib.
Təhlil.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərracda Füzuli rayonunda yerləşən 38,7 hektar sahəsi olan “Arayatlı” qum-çınqıl yatağı və Qəbələ rayonunda yerləşən 27,5 hektarlıq “Bumçay” qum-çınqıl yatağı istifadəyə verilib.
Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərraclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən keçirilir. Müvafiq hərrac avrustun 26-da həyata keçirilib.
Füzuli rayonundakı “Arayatlı” yatağının birinci lotu üzrə ehtiyat həcmi 680 min 400 kubmetr, sahəsi 24,3 hektar, ikinci lotu üzrə isə ehtiyat həcmi 432 min kubmetr, sahəsi 14,4 hektardır. Qəbələ rayonundakı “Bumçay” yatağının lotu üzrə ehtiyat həcmi 412 min 500 kubmetr təşkil edir.
Qeyd edək ki, rəsmi elana əsasən, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərraclarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərin müvafiq maliyyə və texniki imkanlara malik olması tələb olunur.
Elana görə, faydalı qazıntıların çıxarılması ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün iddiaçının ən azı bir dağ-mədən mühəndisi və bir geoloqla əmək müqaviləsinin olması, həmçinin hasilat üçün zəruri texniki vasitə və avadanlıqlara malik olması şərtlərdən biri kimi müəyyən edilib.
Hərrac qalibləri isə istismar işlərinə başlamazdan əvvəl “Dağ-mədən işlərinin inkişaf planı”nı təqdim etməli, müvafiq torpaqayırma sənədlərini rəsmiləşdirməli və yatağın istismarı zamanı ekoloji tələblərə riayət etməlidirlər. İstismar başa çatdıqdan sonra ərazinin təsdiq edilmiş layihəyə uyğun olaraq istifadəyə yararlı vəziyyətə gətirilməsi də tələblər sırasında yer alır.
Bundan əlavə, yataqların istismarı zamanı faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına yol verilməməsi, hasilat işlərinin müəyyən edilmiş hüdudlarda aparılması, qeyri-üzvi tozun ətraf ərazilərə yayılmasının qarşısının alınması və nəqliyyat zamanı yükün xüsusi çadırlarla örtülməsi kimi tələblər müəyyənləşdirilib.