Dünən

Özəl bağçalarda yeni maliyyələşmə modelinin detalları açıqlandı

Azərbaycanda məktəbəqədər təhsildə valideyn–dövlət–özəl tərəfdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi ilə dövlət özəl uşaq bağçalarında təhsil haqqının 70 faizədək hissəsini qarşılayacaq.

Təhlil.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

"Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək", -Vəfa Yaqublu bildirib.

Qeyd olunub ki, modelin tətbiqi ilə dövlət bağçalarında növbələrin azalması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması və özəl bağçaların inkişafı hədəflənir. Eyni zamanda, yeni tərbiyəçi, müəllim və dayələrin işə cəlb olunması hesabına məşğulluğun artacağı gözlənilir.

Vəfa Yaqublunun sözlərinə görə, maliyyə dəstəyindən yalnız müsabiqədə qalib gələn və dövlət lisenziyası olan özəl məktəbəqədər təhsil müəssisələri yararlana biləcək. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən keçiriləcək, qalib müəssisələrin siyahısı isə nazirliyin rəsmi internet səhifəsində dərc olunacaq.

Valideynlər elektron sistem üzərindən qalib bağçalardan birini seçərək övladlarını qeydiyyatdan keçirəcək və müəssisə ilə müqavilə bağlayacaqlar.

Açıqlamaya əsasən, dövlət dəstəyi 10 aylıq müddət üçün nəzərdə tutulub. Müddət başa çatdıqdan sonra növbəti tədris ili üçün yenidən müraciət etmək mümkün olacaq.

Qiymət artımı riskinə münasibət bildirən direktor müavini qeyd edib ki, bazar mexanizmi bunu tənzimləyəcək. Onun sözlərinə görə, xidmət haqqını əsassız artıran özəl bağçaların müsabiqədə üstünlük qazanmaq və valideynlər tərəfindən seçilmək şansı azalacaq.

Rəsmi həmçinin bildirib ki, əgər bağça növbəti il də müsabiqənin qalibi olarsa, valideyn övladını yenidən həmin müəssisəyə yerləşdirə biləcək. Qalib olmayan müəssisələrdən istifadə edən valideynlər isə digər qalib bağçalardan birini seçməli olacaqlar.

O xatırladıb ki, son tədris ilində 86 mindən çox beş yaşlı uşaq məktəbə hazırlıq qruplarında, 24 mindən çox 3–4 yaşlı uşaq isə icma əsaslı məktəbəqədər təhsil qruplarında təhsilə cəlb olunub. Bundan əlavə, 2025–2026-cı tədris ilində qrant mexanizmi çərçivəsində 4 mindən çox uşaq valideyn–dövlət–özəl əməkdaşlığı modelindən faydalanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?