Azərbaycan–Özbəkistan tandemindən Avrasiya mesajı - MƏQALƏ

Azərbaycan və Özbəkistan arasında imzalanmış strateji müttəfiqlik müqaviləsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən mayın 21-də təsdiqlənməsi sadəcə diplomatik jest deyil. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi konfiqurasiyanın rəsmən tanınması və bu konfiqurasiyada Bakı ilə Daşkəndin aparıcı roluna dair açıq mesajdır.
Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin təkcə ikitərəfli deyil, eyni zamanda, regional və qlobal çərçivədə strateji kontekstdə möhkəmləndiyi görünür. Təkcə iqtisadi göstəricilər deyil, siyasi davranış kodları da bunu sübut edir. Məsələn, 2022-ci ildə yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapitalı, qarşılıqlı ticarətin 1 milyard dollar həddinə çatdırılması planı və davamlı biznes forumları iki ölkənin iqtisadi münasibətlərini real müttəfiqlik səviyyəsinə qaldırıb.
Müttəfiqlik müqaviləsinin ratifikasiyası isə bu istiqamətdə atılmış mühüm siyasi addımdır. Bu sənəd sadəcə hüquqi sənəd deyil, bu, yeni mərhələnin konstitusiyasıdır.
Üstəlik, Azərbaycan–Türkiyə–Özbəkistan üçbucağında gedən proseslər, o cümlədən Ankara Bəyannaməsi, ortaq nəqliyyat layihələri, enerji təhlükəsizliyi, yaşıl enerji və müdafiə əməkdaşlığı, bu formatın regional sabitlik və güc balansı baxımından yeni imkanlar yaratdığını göstərir. Xüsusilə Özbəkistanın gələcəkdə Şuşa Bəyannaməsinə qoşulması ehtimalı bu strateji üçbucağı hərbi-siyasi güc mərkəzinə çevirə bilər.
Daşkəndin imzası ilə hüquqi təsdiqini tapan müqavilə, əslində, böyük mənzərənin bir parçasıdır. Həmin mənzərədə Azərbaycan Avrasiyanın nəqliyyat və enerji qovşağına çevrilir, Özbəkistan isə iqtisadi və demoqrafik çəkisi ilə regional dinamikanı dəyişir. Bu çərçivədə, Bakı ilə Daşkənd arasında müttəfiqlik daha çox qlobal oyunçuların hesablaşmalı olduğu yeni güc platformasına çevrilir.
Beləliklə, Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi bir diplomatik sənəddən çox, türk dünyasının vahid gələcəyi üçün çəkilən yeni yol xəritəsidir.
MTM Analitik Qrupu