Kart oğurluqları rekorda çatdı

Mayın 22-də bir neçə vətəndaş kibercinayətkarların hədəfinə çevrilib.
Təhlil.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, fərqli şəxslərin bank kartlarından 1500, 392, 380, 240, 100, 61 və 40 manat məbləğində vəsait müxtəlif fırıldaq üsulları ilə oğurlanıb.
Cinayətkarlar bu dəfə də klassik hiylələrdən istifadə ediblər: CVV/CVC kodları, SMS vasitəsilə göndərilən OTP-lər (birdəfəlik şifrələr) və digər məxfi məlumatlar vətəndaşların diqqətsizliyi səbəbilə onların əlinə keçib. Nəticədə hesabdakı pullar, bəzən isə kredit limitləri belə boşaldılıb.
DİN vətəndaşlara xəbərdarlıq edirək bildirir ki, şübhəli nömrələrdən gələn zənglərdə "viza dəstəyi", "sığorta təklifi", "bank hesabınızın yenilənməsi" kimi aldadıcı mesajlara inanmayın. Naməlum şəxslərlə yazışmayın, danışmayın, belə əlaqələri dərhal bloklayın.
Əgər belə bir hal yaşayırsınızsa və ya şübhələnirsinizsə, dərhal “141” Çağrı Mərkəzinə və ya polis orqanlarına məlumat verin.
Maliyyə təhlükəsizliyiniz sizdən başlayır!