Bu gün

11 ildir gizlənən şəxs Azərbaycanda ələ keçdi

Azərbaycan hüquq-mühafizə orqanları beynəlxalq axtarışda olan narkobaronu yaxalayıb.

Təhlil.az xəbər verir ki, 11 ildən artıqdır axtarılan Tacikistan vətəndaşı Taqaymurod Emomov Bakıda saxlanılıb. O, Rusiya ərazisinə yüzlərlə kiloqram heroinin qanunsuz daşınmasını təşkil etməkdə ittiham olunur.

Məlumata görə, Emomov uzun illər narkotiklərin dövriyyəsində xüsusilə təhlükəli cinayət sxemi yaradaraq, müxtəlif ölkələrdən olan kuriyerlər vasitəsilə Rusiya bazarına heroin daşınmasını koordinasiya edib. Artıq onun şəbəkəsinin üzvlərindən bir çoxu məhkəmə qarşısına çıxarılıb, bir neçəsi isə cəzasını çəkib azadlığa buraxılıb. İfadələrdə Emomov əsas beyin kimi tanınıb.

Rusiyanın hüquq-mühafizə orqanlarının yaydığı açıqlamaya görə, Emomova qarşı xüsusilə külli miqdarda narkotik vasitələrin dövriyyəsi maddəsi ilə ittiham irəli sürülüb. Onun ekstradisiyası üçün hüquqi prosedurlar artıq başlanıb və yaxın günlərdə Rusiya Federasiyasına təhvil verilməsi gözlənilir.

Beləliklə, bir neçə yüz kiloqram heroinin kölgəsində formalaşmış şəbəkənin başçısı illər sonra Azərbaycanda ədalət qarşısına çıxarılır.