Bu gün

Azərbaycan XİN Venesuelaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

Təhlil.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Venesuelada baş vermiş, insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olmuş dağıdıcı zəlzələdən dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu ağır zamanda Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.

Bütün zərərçəkənlərə tezliklə şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelanın qərbində, Yarakuay ştatı ərazisində ardıcıl iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Karakas, La-Quayra və ətraf rayonlarda ciddi dağıntılara səbəb olub: binalar çöküb, infrastruktur obyektlərinə ziyan dəyib, əhali arasında panika yaranıb.

Venesuela hakimiyyətinin məlumatına görə, azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Xilasetmə əməliyyatları davam etdikcə ölənlərin sayının artacağı gözlənilir.