Bu gün

Regionlarda həkimlərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək

“Psixiatriya yardımı haqqında” qanuna təklif olunan dəyişikliklər psixi pozuntusu olan şəxslərin daha operativ müayinəsini təmin edəcək və təhlükəli halların qarşısının alınmasına imkan verəcək.

Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən belə şəxslərin müayinəsinin aparılması üçün müəyyən prosedurlar həyata keçirilir, müxtəlif rəylər alınır və məhkəmə qərarı gözlənilirdi ki, bu da vaxt itkisinə səbəb olurdu.

“Qanuna təklif edilən dəyişikliklər hesabına həmin xəstələrin müayinəsi daha operativ həyata keçiriləcək. Bu isə bir çox hallarda təhlükəli hadisələrin qarşısının alınmasına kömək edəcək”, – deyə komitə sədri bildirib.

Ə.Əmiraslanov qeyd edib ki, layihədə teletibbin imkanlarından da geniş istifadə nəzərdə tutulur. Onun sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində teletibb artıq səhiyyənin müxtəlif istiqamətlərində geniş tətbiq olunur və yeni dəyişikliklər psixi pozuntusu olan şəxslərin həm müayinəsində, həm də müalicəsində bu imkanlardan istifadəni genişləndirəcək.

Komitə sədri çıxışında regionlarda həkim çatışmazlığı probleminə də toxunub. O bildirib ki, bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub və aidiyyəti qurumlarla birgə həlli istiqamətində iş aparılır.

Ə.Əmiraslanovun sözlərinə görə, ölkədə ümumilikdə həkim qıtlığı yoxdur və hər 100 min nəfərə düşən həkim sayına görə Azərbaycan bir çox ölkələrlə müqayisədə əlverişli vəziyyətdədir. Lakin həkimlərin böyük hissəsi iri şəhərlərdə cəmləşdiyindən regionlarda bir sıra ixtisaslar üzrə ciddi kadr çatışmazlığı müşahidə olunur.

O qeyd edib ki, regionlardakı boşluqların aradan qaldırılması üçün müxtəlif mexanizmlər üzərində iş aparılır, o cümlədən bəzi ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi və yaşlı mütəxəssislərin fəaliyyət müddətinin uzadılması məsələlərinə baxılır:

“65 yaşından yuxarı yaşda olan həkimlərin pensiyaya çıxmadan həkim kimi fəaliyyət göstərməsi məsələsinə baxılır. Onların 65 yaşdan sonra da pensiyaya çıxmadan işləməsinə icazə veriləcək. Bu istiqamətdə zəruri işlər aparılır. Əminəm ki, müsbət nəticə olacaq".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?