Azərbaycan Türk dünyasının yeni güc platformasını formalaşdırır - MƏQALƏ

Qlobal geosiyasətdə yeni güc mərkəzləri formalaşır. Bu prosesin tərkib hissəsinə çevrilən Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni və tarixi bağlarla birləşən bir qurum deyil, real iqtisadi, siyasi və strateji əlaqələrin təməlində dayanan təsirli regional blokdur. Bu yüksəlişin başlıca lokomotivlərindən biri isə Azərbaycandır.
Azərbaycan yalnız türk dövlətləri arasında körpü rolunu oynamır, həm də enerji, nəqliyyat, diplomatiya və təhlükəsizlik sahələrində inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Azərbaycanın TDT-yə üzv ölkələrə yatırdığı sərmayələr 20 milyard ABŞ dollarını keçib, ölkənin nəqliyyat-logistika infrastrukturu isə Orta Dəhlizdə əsas həlqəyə çevrilib.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi ötən il 3,3 milyon tona çatıb. Bu daşıma yalnız rəqəm deyil, türk dövlətləri arasında iqtisadi dövriyyənin real göstəricisidir. Azərbaycanın dəmir yolu, avtomobil magistralları, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər donanması və rəqəmsallaşdırma təşəbbüsləri Türk dünyasının ortaq iqtisadi məkan kimi formalaşmasında həlledici rol oynayır.
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı da Azərbaycanın bu prosesdəki yerini bir daha göstərdi. Ölkə başçısı Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də strateji koordinasiya mərkəzi olduğunu vurğuladı. Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışında Azərbaycanın əhəmiyyəti artmaqda davam edir.
Azərbaycanın təşəbbüsləri ilə Şuşa Bəyannaməsi artıq üçtərəfli formata -Azərbaycan, Türkiyə və Özbəkistan arasında strateji əməkdaşlıq çərçivəsinə keçib. Bu sənəd təkcə hərbi-siyasi deyil, iqtisadi və humanitar əməkdaşlığı da əhatə edir. Bu isə türk dünyasının vahid güc mərkəzinə çevrilməsi istiqamətində əhəmiyyətli addımdır.
Hazırda dünya miqyasında regional təşkilatların rolu artır. Qlobal oyunçuların diqqət mərkəzində olan Avrasiya məkanında yerləşən türk dövlətləri isə öz maraqlarını daha mərkəzləşdirilmiş şəkildə müdafiə etmək zərurəti ilə üz-üzədir. Azərbaycan məhz bu ehtiyaclara cavab verən, strateji baxışlı siyasəti ilə türk birliyinin reallığa çevrilməsinə töhfə verir.
Bu gün türk dövlətləri arasında yalnız dil və tarix yox, ortaq iqtisadiyyat, enerji təhlükəsizliyi və siyasi sinxronluq formalaşır. Azərbaycan isə bu prosesdə ideya sahibindən təşəbbüs daşıyıcısına, oradan isə real nəticələr əldə edən lider aktora çevrilib. Türk dünyasının birliyini sözdən əmələ çevirən məhz bu yanaşmadır.
MTM Analitik Qrupu