Bu gün

AYNA avtobus parkının yenilənməsiylə bağlı görülən işləri açıqlayıb

Vətəndaşlar xüsusilə Bakının ətraf ərazilərinə gedən avtobusların köhnə və yararsız olmasından narazılıq edir. Avtobus parkının yenilənməsi nə zaman həyata keçiriləcək?

Təhlil.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata əsasən xəbər verir ki, AYNA tərəfindən daşıyıcılara səlahiyyətlərində olan xətlərin nizamlı fəaliyyəti, sərnişindaşıma qaydalarına riayət edilməsi və avtobus parkının yenilənməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir:

“Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətti müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. AYNA tərəfindən keçirilən müsabiqənin məqsədi sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasını təmin etməkdir”.

Qeyd edilib ki, ötən il 11 marşrut üzrə 154 avtobus yenilənib:

“COP-29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq”.

Eyni zamanda bildirilib ki, regionlarda da avtobus parkının yenilənməsi ilə bağlı tədbirlər görülür:

“Bölgələrdə də sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti təhlil edilir və şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır”.

Trend