Taksi sürücüləri üçün iyunun 19-da keçiriləcək imtahana qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim edilib. Həmin şəxslər 22 may saat 12:00-dan 9 iyun saat 14:00-dək qeydiyyatdan keçməlidirlər.
Təhlil.az bu barədə DİM-in məlumatına əsasən xəbər verir. Məlumatda bildirilib ki, imtahan vermək üçün sürücülər DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə regional bölməsində keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahan 1 saat davam edir. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılır və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Xüsusi hazırlığın proqramı ilə link vasitəsilə tanış olmaq mümkündür.