Tibbi xidmətlərdə rekord artım - STATİSTİKA

2025-ci ilin aprel ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri rekord həddə yaxın müraciət həcmi ilə yadda qalıb.
Təhlil.az saytı xəbər verir ki, statistikalar göstərir ki, bu dövrdə vətəndaşların sağlamlıqla bağlı sistemə etimadı artıb və bu da özünü rəqəmlərdə aydın şəkildə göstərir.
2,5 milyona yaxın müraciət qeydə alınıb. Onların təxminən 49 mini stasionar, qalan 2,4 milyonu isə ambulator müayinələr olub. Müqayisə üçün deyək ki, ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 14% artım müşahidə olunur.
Bu dinamika yalnız müraciətlərin sayında deyil, xidmət həcmlərində də əks olunub. Aprel ərzində tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 8,8 milyonu keçib. Bunun 1 milyondan çoxu stasionar, 7,7 milyonu isə ambulator xidmətlərdir. Bu da ötən ilin göstəricilərindən 23% çoxdur.
Xüsusilə laborator xidmətlərdə kəskin artım diqqət çəkir. 3,7 milyondan çox laborator müayinə aparılıb. Bu, ötən ilin aprel ayı ilə müqayisədə 27% çoxdur. Burada da ambulator xidmətlərin payı üstünlük təşkil edir.
Cərrahi əməliyyat və prosedurlar sahəsində isə sabit artım müşahidə olunub. Bu rəqəm 33 937 əməliyyat və prosedurla ifadə olunur. Artım az olsa da, 1%-lik yüksəliş stabilliyi və davamlılığı göstərir.