Dünən

Qabiliyyət imtahanlarında iştirak edənlər üçün son gün

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.

Təhlil.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız bir istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırılır ki, onlar iyunun 21-də keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla buradan tanış ola bilərsiniz.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?