Ukrayna XİN başçısı Azərbaycana gəlir: geniş gündəlik, böyük maraq - ŞƏRH

Ukraynanın xarici işlər naziri Andrey Sibiha 25–26 may tarixlərində Azərbaycana səfər edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə siyasi şərhçi Fərhad Məmmədovun sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, planlaşdırılan səfəri ikitərəfli əməkdaşlığın gündəliyini əhatə edəcək.
Ekspertin sözlərinə görə, müharibə şəraitində Ukrayna rəsmilərinin xarici səfərləri həm beynəlxalq, həm də regional səviyyədə əlavə diqqət çəkir. Bununla belə, bu səfər adi, lakin strateji tərəfdaşlıq çərçivəsində rutin diplomatik gediş kimi qiymətləndirilir.
Səfər zamanı siyasi dialoq, enerji əməkdaşlığı, investisiyalar, humanitar məsələlər və diaspor əlaqələri müzakirə ediləcək. Azərbaycan Ukraynaya MDB ölkələri arasında ən çox humanitar yardım göstərən ölkə olmaqla yanaşı, bu ölkədə SOCAR-ın yanacaqdoldurma şəbəkəsi və digər iqtisadi layihələri ilə də təmsil olunur.
Bu, son üç ildə Ukrayna XİN rəhbərinin regiona ilk səfəridir və ilk dayanacaq kimi məhz Bakının seçilməsi xüsusi məna daşıyır.
Fərhad Məmmədov qeyd edir ki, səfər Moskva tərəfindən narazılıqla qarşılanacaq, lakin Azərbaycan müstəqil və balanslı xarici siyasət yürütməkdə davam edir. Bakı həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətləri əsas götürür və bu səfər də sırf bu kontekstdə qiymətləndirilməlidir.