Bu gün

Bu sahələrdə çalışanların maaşı yüksələcək

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir.

Təhlil.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır:

“Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1 150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər”.

Deputat xatırladıb ki, Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır:

“Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?