Bu gün

Bakı metrosu yenilənir: 350 milyon dollarlıq layihə start götürür

Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçiriləcək “Bakı Metropoliteninin Siqnallaşdırmanın Modernləşdirilməsi və Əməliyyatların Rəqəmsallaşdırılması Layihəsi” çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən erkən bazar müzakirəsi (Early Market Engagement – EME) tədbiri elan edilib.

Təhlil.az bu barədə AİB-ə istinadən xəbər verir.

Layihə 59447-001 nömrəsi ilə qeydiyyatdan keçib və icraçı qurum “Bakı Metropoliteni” QSC-dir. Bildiirlib ki, tədbirə maraq göstərən bütün şirkət və təşkilatlar qatılmaq üçün dəvət olunur.

Tədbir 30 aprel 2026-cı il, saat 14:00–16:00 (Bakı vaxtı) tarixində onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Görüşdə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı metrosunda siqnallaşdırma sistemlərinin müasirləşdirilməsi və əməliyyat proseslərinin rəqəmsallaşdırılmasıdır. İlkin hesablamalara görə, layihənin ümumi dəyəri təxminən 350 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmənin əsas hissəsinin Asiya İnkişaf Bankı tərəfindən təmin olunacağı, əlavə olaraq Asiya İnfrastruktur İnvestisiya Bankının birgə maliyyələşdirməsinin nəzərdən keçirildiyi bildirilir.

Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi planlaşdırılır:

1. Müasir, o cümlədən CBTC əsaslı qatar idarəetmə texnologiyalarının tətbiqi ilə siqnallaşdırma sistemlərinin yenilənməsi;

2. Müasir Əməliyyatlara Nəzarət Mərkəzinin (OCC) yaradılması;

3. Metro əməliyyatları və aktivlərin idarə olunması üçün rəqəmsal sistemlərin tətbiqi;

4. Rabitə, monitorinq və kibertəhlükəsizlik sistemlərinin inteqrasiyası;

5. Mövcud metro infrastrukturunda rəqəmsal həllərin genişləndirilməsi;

6. Layihə idarəetməsi və texniki nəzarət üzrə məsləhət xidmətləri.

Qeyd edilib ki, erkən bazar müzakirəsinin keçirilməsində məqsəd potensial podratçıların, texnologiya təchizatçılarının, sistem inteqratorlarının və məsləhətçilərin imkanlarını öyrənmək, həmçinin layihənin texniki yanaşması və satınalma strategiyasını təkmilləşdirməkdir.

Əlavə edilib ki, tədbirdə iştirak şirkətlərə layihənin ilkin konsepsiyası ilə tanış olmaq, mümkün satınalma yanaşması və vaxt qrafiki barədə məlumat əldə etmək, həmçinin beynəlxalq təcrübəyə əsaslanan rəy və təkliflərini bölüşmək imkanı verəcək.

Qeyd olunub ki, bu tədbirdə iştirak rəsmi tender prosesində iştirak anlamına gəlmir. Gələcək satınalmalar Asiya İnkişaf Bankı qaydalarına uyğun həyata keçiriləcək və iştirak üçün ölkə məhdudiyyəti olmaya bilər.

Tender prosesinə 2026-cı ilin üçüncü rübündə başlanması gözlənilir.

Tədbirdə iştirak etmək istəyən şirkətlər 23 aprel 2026-cı il, saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən iştirakçılara onlayn görüş linki və əlavə məlumatlar əvvəlcədən təqdim olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?