Bu gün

MSK üzvlərinin səlahiyyət müddəti bitir

Aprel 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı üzvlərinin beş illik səlahiyyət müddəti bitir.

Təhlil.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.

Aprelin sonunadək Milli Məclisdə MSK-nın tərkibinin yenidən formalaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir və onlar Milli Məclis tərəfindən seçilir.

MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər.

2 namizəd maraqlı tərəflərlə - bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.

MSK onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

Qeyd edək ki, hazırkı tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır.