5 ildən sonra cərrahları onlar əvəz edəcəklər

İlon Mask, ABŞ hökumətinin işlərini daha səmərəli etmək üçün məsul olan DOGE-nin rəhbəri, robotların yaxın gələcəkdə ən yaxşı cərrahları belə keyfiyyət baxımından qabaqlayacağına inanır.
Təhlil.az xəbər verir ki, o, bu barədə X platformasında yazıb: "Robo-cərrahlar bir neçə il ərzində yaxşı həkimləri, təxminən 5 ildən sonra isə ən yaxşı həkimləri ötəcəklər".
Mask, həmçinin özünün yaratdığı Neuralink şirkətinin robotlardan istifadə etməsinin səbəbini izah edib. Şirkət, beynə elektrodların yerləşdirilməsi üçün robotları tətbiq etməyə məcbur olub, çünki insan əlləri bu cür əməliyyatları lazım olan sürət və dəqiqliklə edə bilmir.
Neuralink, 2016-cı ildə Mask tərəfindən qurulub və məqsədi gələcəkdə insan beyninə implantasiya oluna bilən çiplərin inkişaf etdirilməsidir. Mask, bu cür neyrointerfeyslərin insanları süni intellektə qarşı durmaq üçün kiborqa çevirməyə kömək edəcəyinə və insanların düşüncə gücü ilə kompüterləri idarə etmələrini mümkün edəcəyinə inanır.
Qeyd edək ki, şirkət 2023-cü ildə isə ABŞ-nin Qida və Dərman İdarəsindən (FDA) insan üzərində klinik sınaqlara başlamaq üçün icazə alıb.