Bu gün

ABŞ-də siyasi müharibə qızışır - TƏHLİL

ABŞ-nin prezidenti Donald Tramp Los-Ancelesdə immiqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyalarına cavab olaraq, 2.000-dən çox Milli Qvardiya əsgərinin şəhərə göndərilməsinə göstəriş verib.

Təhlil.az xəbər verir ki, bu addım həm ABŞ Konstitusiyasına, həm də siyasi etikaya dair ciddi müzakirələrə səbəb olub.

Hadisələr fonunda "City of Angels" (Mələklər Şəhəri) adlandırılan Los-Anceles artıq ikinci gündür ki, kütləvi narazılıqlarla çalxalanır. Aksiyaçılar, İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) şəhər daxilindəki müəssisələrdə keçirdiyi reydlərə, o cümlədən 121 nəfərin saxlanılmasına sərt reaksiya veriblər. Saxlanılanların hamısı qanunsuz miqrant kimi təqdim edilib.

ABŞ Konstitusiyası daxili məsələlərdə müntəzəm ordu qüvvələrinin istifadəsini qadağan edir. Lakin prezidentlər müəyyən hallarda Milli Qvardiyanı adətən ştat qubernatorlarının çağırışı ilə fövqəladə hallarda cəlb edə bilirlər. Bu dəfə isə Tramp Kaliforniya qubernatoru Qavin Nyusomun razılığı olmadan birbaşa müdaxilə edib və aksiyaları ABŞ hökumətinə qarşı üsyan kimi qiymətləndirib.

Qubernator Nyusom isə bu addımı "teatr" adlandıraraq bildirib: “Tramp bu qərarı Kaliforniyada polis çatışmazlığına görə deyil, siyasi nümayiş məqsədilə verib. Bu açıq-aşkar təcavüzkar və təxribat xarakterli hərəkətdir”.

Onun sözlərinə görə, Tramp artıq uzun müddətdir ki, Demokratların nəzarətində olan ştatlara qarşı siyasi təzyiq alətlərini işə salıb. Bu, yalnız təhlükəsizlik qüvvələrinin istifadəsi ilə məhdudlaşmır. Administrasiya həm də Kaliforniyaya ayrılan federal vəsaitləri azaltmaq niyyətindədir. Xatırladaq ki, Tramp ilk prezidentliyi dövründə də meşə yanğınlarına görə Kaliforniyaya yardımı dayandırmaqla hədələmişdi.

Gərginliyi artıran digər məqam isə Pentaqonun mövqeyidir. Hazırda Müdafiə Nazirliyinə rəhbərlik edən və keçmiş televiziya aparıcısı olan  Pit Heqset  Los-Ancelesin 100 milliyində yerləşən Kemp Pendleton bazasında dəniz piyadalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb. Bu isə ekspertlər tərəfindən mümkün hərbi müdaxilənin siqnalı kimi dəyərləndirilib.

Trampın bu aqressiv addımı təkcə hazırkı vəziyyətlə deyil, həm də gələcək seçkilərlə bağlıdır. Məlumdur ki, Kaliforniya qubernatoru Qavin Nyusom 2028-ci il prezident seçkilərində Demokratların namizədi ola bilər. Tramp üçün Nyusom potensial rəqib olmaqla yanaşı, ideoloji düşməndir.

Analitiklər bildirir ki, bu, sadəcə hüquqi və siyasi çəkişmə deyil, Amerikada federalizmin gələcəyi uğrunda mübarizədir. Əgər Kaliforniya kimi iqtisadi gücə malik bir ştat (dünyanın altıncı ən böyük iqtisadiyyatı) bu basqılara davam gətirə bilməsə, bu, ABŞ-də siyasi tarazlığa ciddi zərbə olacaq.

Demokrat senator Aleks Padilla məsələyə belə münasibət bildirib:

“Biz Kaliforniyanın Tramp tərəfindən zorakılıqla sıxışdırılmasına qətiyyən yol verməyəcəyik. Dişimizlə, dırnağımızla mübarizə aparacağıq!"

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.