28 aprel

Artıq kommunal ödənişlərə özünüz nəzarət edəcəksiniz

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiya istiqamətində mühüm addım atıb. "Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib.

Təhlil.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirəcəyi layihə çərçivəsində bu ilin 1 may tarixinə qədər vahid abunəçi kodu mexanizmi yaradılacaq və Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi üçün konseptual sənəd hazırlanacaq. Yol Xəritəsinə əsasən, 2025-ci ilin sonuna qədər layihənin əsas mərhələlərinin tamamlanması planlaşdırılır.

Agentlikdən verilən məlumata görə, sistem kommunal xidmətlərlə bağlı məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi məqsədi daşıyır. Yeni sistem həm xidmət keyfiyyətini artıracaq, həm də idarəetmədə şəffaflığı təmin edəcək.

Sistem sayəsində vətəndaşlar elektrik, qaz, su, istilik kimi kommunal xidmətlər üzrə borcları, sərfiyyat göstəriciləri və tarifləri vahid platformadan izləyə biləcəklər. Elektron ödəniş, avtomatik ödəniş planlaşdırılması, elektron müraciət və xəbərdarlıqların alınması kimi xidmətlər təqdim ediləcək.

İlkin mərhələdə sistem Bakı və böyük şəhərlərdə pilot layihə olaraq tətbiq ediləcək, daha sonra isə regionlara yayılması nəzərdə tutulur. Bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliyinin 90 faizə çatdırılması planlaşdırılır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, vahid abunəçi kodunun tətbiqi bütün xidmətlər üzrə məlumatların mərkəzləşdirilməsini təmin edəcək. Onun sözlərinə görə, sistem vasitəsilə ünvan problemləri də aradan qalxacaq, yeni nəsil "ağıllı sayğaclar"ın tətbiqi ilə isə sahə müfəttişlərinə ehtiyac azalacaq və insan faktoru minimuma enəcək.

Ekspertlər bu layihənin həm vətəndaş məmnuniyyətini artıracağını, həm də kommunal sahədə idarəetmənin effektivliyini gücləndirəcəyini vurğulayırlar.