Əbu-Dabi görüşünün erməni müxalifətinə soyuq duş təsiri - TƏHLİL

İyul ayının 10-da dünya gündəminin əsas mövzularından biri də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan görüşü idi. Bu görüş əslində iki ölkə arasında, Cənubi Qafqazın siyasi tarixində yeni səhifə, yeni mərhələ deməkdir. 5 saat davam edən görüşün ən vacib məqamlarından biri də onun Əbu-Dabidə baş tutmasıdır. Bu dəfə iki ölkə lideri nə Brüsselin, nə Moskvanın, nə də Vaşinqtonun təklif etdiyi beynəlxalq platformada yox, BƏƏ-də görüşmək qərarına gəlib. Bu, Azərbaycanla Ermənistan arasında tamamilə ikitərəfli prosesdir. Əbu-Dabinin də görüş yeri seçilməsi təsadüfi deyil. Bu ölkə balanssız və qərəzsiz mövqeyə malikdir, həm Bakı, həm də İrəvanla işgüzar və dostluq münasibətləri var.
Əslində ikitərəfli, heç bir vasitəçi və beynəlxalq platforma olmadan görüşlərin keçirilməsi bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə reallaşıb. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. Problemlər yalnız iki dövlət arasında həll edilməlidir. Görünən odur ki, artıq Ermənistan bu reallığı dərk etməyə başlayıb və Azərbaycanın sülh konsepsiyasını əsas baza kimi tanıyır.
Əbu-Dabi görüşünü danışıqlar prosesində sülh müqaviləsinə gedən yolun mühüm mərhələsi də adlandırmaq olar. Heyətlər və ölkə başçıları arasında keçirilən görüşdə sərhədlərin delimitasiyası, siyasi öhdəliklər və regiondakı kommunikasiya xətlərinin açılması ciddi şəkildə müzakirə edilib. Bu maddələr sülhün konkret konturlarını müəyyən edir. Eyni zamanda İrəvan artıq dərk edir ki, regionda sabitlik və inkişaf yalnız Bakı ilə birbaşa danışıqlardan, sülh müqaviləsinin imzalanmasından, Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsindən keçir.
Bununla belə, Ermənistan tərəfinin uzun müddətdir sülh müqaviləsini imzalamaqdan yayınması fonunda belə görüş və danışıqların böyük əhəmiyyəti var. Ehtimal etmək olar ki, Əbu-Dabi görüşündən sonra Paşinyan hökuməti artıq real və doğru addımlar atmağa başlayacaq.
Bu gün Ermənistanda baş verən hadisələr, ciddi qarşıdurmalar, kilsə və müxalifətin hökumətə qarşı fəaliyyəti, kənar müdaxilələr fonunda söyləmək lazımdır ki, Əbu-Dabi görüşü Ermənistanda ciddi təlatümlərə və müxalifətin, xarici qüvvələrin diqtəsi ilə hərəkət edən siyasi hərəkatların təşvişinə səbəb olub. Elə dünən günorta saatlarından başlayaraq müxalifət qanadı, xüsusən də Serj Sarkisyan və Robert Köçəryana yaxın siyasilər müxtəlif media qurumları vasitəsilə Əbu-Dabi görüşü barədə neqativ xəbərlər tirajlamağa başlayıblar. Bu sıraya Melik Şah Nazaryan, Qeqam Manukyan, Armen Aşotyan, İşxan Saqatelyan, Tatevik Ayrapetyan, Pietro Şakaryan, Armen Manvelyan, Suren Sarkisyan, Narek Qalstyan kimi şəxslər daxildir. Revanşist qüvvələrə xidmət edən və əsasən Kremlin müəyyən siyasi dairələrinin göstərişi ilə oturub-duran siyasətçilər, politoloqlar xüsusən canfəşanlıq nümayiş etdirirlər. Bu şəxslərin görüşlə bağlı şərhləri əsasən bu tezislər üzrə qurulub: Zəngəzur Azərbaycana verilir, Ermənistan suverenliyini itirir, baş nazir Nikol Paşinyan Azərbaycanın göstərişləri oturub-durur. Əslində bu tip tezis və açıqlamalar, kütləni manipulyasiya etmək hədəfini özündə ehtiva edir. Postmüharibə dövründən başlayaraq bu günə qədər bu “tayfa”nın bütün tezisləri Zəngəzurla bağlıdır. Bu da deməyə əsas verir ki, erməni müxalifəti Ermənistanın inkişafını, xoş qonşuluq münasibətlərini, xalqın güzəranının yaxşılaşmasını, kommunikasiyaların blokdan çıxarılmasını heç bir halda istəmir.
Paralel olaraq söyləmək lazımdır ki, erməni müxalifətinin nəzarəti altında olan media resurslarında hətta Əbu-Dabi görüşündən əvvəl də bu tip yazılar yayılırdı. Görüşdən dərhal sonra isə artıq bir sıra rusiyalı ekspertlərin açıqlamaları da tirajlanmağa başladı. Şərhlər əsasən yuxarıda qeyd edilmiş tezisin konturları çərçivəsindədir. Bu da deməyə əsas verir ki, erməni müxalifəti iki ölkə arasında sülhün bərqərar olmasını, regionun inkişafını heç bir halda istəmir. Bu isə onlara ağalarının göstərişi və təlimatıdır.
Hikmət Həsənov