Bu gün

10 il əvvəl başlayan yol: Aprel döyüşlərindən Böyük Zəfərə

Bu gün Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində qazandığı qələbədən 10 il ötür.

Təhlil.az xəbər verir ki, həmin hadisələr təkcə lokal hərbi qarşıdurma deyil, Azərbaycanın gələcək hərbi-siyasi uğurlarının başlanğıc nöqtəsi kimi tarixə düşdü.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutdu. Hücumlar nəticəsində mülki əhali arasında itkilər oldu, yaşayış evləri və sosial obyektlərə ciddi ziyan dəydi.

Bu təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu dərhal əks-həmlə əməliyyatlarına başladı. Qısa müddətdə həyata keçirilən əməliyyatlar nəticəsində strateji əhəmiyyətli mövqelər – xüsusilə Füzuli istiqamətində Lələ Təpə yüksəkliyi və Talış ətrafındakı yüksəkliklər nəzarətə götürüldü.

Dördgünlük döyüşlər zamanı düşmənə ciddi zərbələr endirildi, çoxsaylı hərbi texnika məhv edildi. Azərbaycan Ordusu 2000 hektardan artıq ərazini işğaldan azad edərək əməliyyat baxımından daha əlverişli mövqelər qazandı.

Aprelin 5-də tərəflərin razılığı ilə döyüşlər dayandırılsa da, bu qələbə Azərbaycanın hərbi gücünü və Ordunun yüksək döyüş qabiliyyətini açıq şəkildə nümayiş etdirdi. Ən əsası isə bu uğur xalqda və Orduda daha böyük zəfərə inamı möhkəmləndirdi.

Məhz aprel döyüşlərində qazanılan təcrübə və formalaşan ruh yüksəkliyi 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycan Ordusu həmin müharibədə müasir döyüş taktikasını tətbiq edərək tarixi Zəfərə imza atdı və ölkənin ərazi bütövlüyünü bərpa etdi.

Bu gün aprel qələbələri həm qəhrəmanlıq salnaməsi, həm də Böyük Zəfərə gedən yolun ilk real addımı kimi xatırlanır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?