Artıq heç kim sizin adınıza kredit götürə bilməyəcək - YENİLİK

Azərbaycan Mərkəzi Bankı (AMB) "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanmaq üzrədir.
Təhlil.az xəbər verir ki, bunu AMB-nin sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.
Onun sözlərinə görə, hazırda yeni bir təhlükəsizlik aləti – "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanır: "Bu mexanizm vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Bu isə fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaldacaq".
O bildirib ki, AMB rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiberdələduzluq halları ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.
T.Əliyev qeyd edib ki, sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları qlobal problem olaraq qalır: "Mərkəzi Bank tərəfindən bu təhdidlərin qarşısını almaq məqsədilə kibertəhlükəsizlik və nəzarət mexanizmləri sahəsində bir sıra mühüm addımlar atılıb. Maliyyə institutları üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən edilib və məsafədən hesab açılması qaydaları modernləşdirilib. Bundan başqa, kiberinsidentlərlə mübarizə məqsədilə "FinServ" mərkəzi yaradılıb və banklar arasında dələduzluğa qarşı operativ məlumat mübadiləsi sistemi formalaşdırılıb".
O həmçinin qeyd edib ki, Mərkəzi Bank beynəlxalq əməkdaşlığı da genişləndirərək OECD-INFE (Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkə) platformasına üzv olub.