Bu gün

Kremlin sərt siqnalı: Ukrayna müharibəsi nüvə həddinə yaxınlaşır? - ŞƏRH

Fevralın 24-də Rusiya ilə Ukrayna arasında tammiqyaslı müharibənin başlanmasından dörd il ötür. 2022-ci ilin əvvəlində Kreml Kiyevi üç günə ələ keçirmək planlarından danışırdı. O vaxt bir çoxları hesab edirdi ki, əgər bu ssenari reallaşsa, postsovet məkanında siyasi xəritə köklü şəkildə dəyişə bilər. Lakin zaman göstərdi ki, müharibə qısa “xüsusi əməliyyat” yox, uzunmüddətli və ağır qarşıdurmaya çevrildi.

Bu gün artıq müharibənin davametmə müddəti İkinci Dünya müharibəsində SSRİ-nin iştirak etdiyi dövrdən də uzundur. Moskva qarşıya qoyduğu strateji məqsədlərə nail olmayıb. Cəbhədə çətinliklər, iqtisadi təzyiqlər və genişmiqyaslı sanksiyalar Rusiyanın həm hərbi, həm də iqtisadi resurslarını ciddi şəkildə sarsıdıb. Paralel olaraq, danışıqlar barədə zaman-zaman səslənən fikirlər də real nəticə vermir. Diplomatik ritorika fonunda müharibə davam edir.

Məhz dördüncü ildönümü ərəfəsində Kremlin ritorikası daha da sərtləşdi. Rusiya Xarici Kəşfiyyat Xidməti Fransa və Böyük Britaniyanın Kiyevə atom və ya “çirkli bomba” texnologiyaları ötürmək imkanlarını nəzərdən keçirdiyini iddia edən məlumat yaydı. Bunun ardınca prezidentin mətbuat katibi Dmitri Peskov bəyan etdi ki, Moskva bu ittihamları Ukrayna ilə bağlı danışıqlarda gündəmə gətirəcək və bunu beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirir. Rusiya tərəfi artıq münaqişəni yalnız Ukrayna ilə deyil, bütövlükdə Qərblə qarşıdurma kimi təqdim edir.

Daha sərt mövqe isə Dmitri Medvedevdən gəldi. O, Fransa və Britaniyanın guya Kiyevə nüvə texnologiyaları ötürməsi halında Rusiyanın Ukrayna ərazisində və hətta “təhdid mənbəyi” sayılan ölkələrə qarşı qeyri-strateji nüvə silahından istifadə hüququnun olduğunu bildirdi. Bu bəyanat açıq nüvə şantajı kimi qiymətləndirilə bilər və beynəlxalq təhlükəsizlik arxitekturası baxımından son dərəcə təhlükəli presedent yaradır.

Burada diqqət çəkən məqam odur ki, nüvə silahı ilə bağlı ritorika adətən strateji çıxılmazlıq və ya psixoloji təzyiq aləti kimi istifadə olunur. Müharibə uzandıqca və nəticə əldə olunmadıqca, tərəflər informasiya və psixoloji müstəvidə daha kəskin mesajlar verməyə çalışırlar. Rusiya tərəfindən səsləndirilən bu tip bəyanatlar bir tərəfdən Qərbi çəkindirmək məqsədi daşıyırsa, digər tərəfdən daxili auditoriyaya “qətiyyətli mövqe” nümayiş etdirmək cəhdi kimi də şərh oluna bilər.

Lakin nüvə silahının adının belə çəkilməsi beynəlxalq sistem üçün təhlükəli siqnaldır. Nüvə qarşıdurması ehtimalı hətta nəzəri müstəvidə belə qlobal sabitlik üçün ciddi risk deməkdir. Mövcud reallıq göstərir ki, müharibə yalnız hərbi cəbhədə deyil, həm də diplomatik və informasiya cəbhəsində davam edir. Və hər yeni sərt bəyanat sülh perspektivini bir qədər də uzaqlaşdırır.

Dörd il sonra ortaya çıxan mənzərə ondan ibarətdir ki, münaqişə nə hərbi yolla həll olunur, nə də danışıqlar masasında real irəliləyiş əldə edilir. Əvəzində isə ritorika daha təhlükəli səviyyəyə yüksəlir. Bu isə təkcə Rusiya və Ukrayna üçün deyil, bütövlükdə Avropa təhlükəsizliyi üçün ciddi çağırışdır.

Rasim Babayev 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?